Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

28.01.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iclasda Konstitusiyanın 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə 228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusu üzrə qərar qəbul edilib.

Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət üçün real təhlükə yaratmırsa, həmin əməl cinayət hesab edilmir. Yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır.

Konstitusiya Məhkəməsi Qərarında vurğulayır ki, “az əhəmiyyətli əməl” dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına daxil edilmir.

Eyni zamanda, qeyd olunur ki, “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların – istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Qiymətləndirmə aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə, hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə alınmalıdır.

Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın, onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə (yivsiz ov silahları və onların sursatları istisna olmaqla) cinayət məsuliyyətinə səbəb olur.

Konstitusiya Məhkəməsi qeyd edir ki, həmin maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью