Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 3-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları üçün nəzərdə tutulmuş “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda təlim proqramının başlanması ilə əlaqədar görüş keçirilib.
Tədbirin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək iştirakçıları 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sədr bu əlamətdar günlərin xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təcəssümü olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini, xalqımızın milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək, hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Daha sonra akademik Urxan Ələkbərov “Müasir dövlət idarəçiliyində süni intellekt və rəqəmsallaşma” mövzusunda geniş mühazirə ilə çıxış edib. Mühazirədə süni intellekt və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi, idarəetmənin səmərəliliyinin artırılmasında rolu, habelə müasir texnoloji həllərin dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası ilə bağlı məsələlərə toxunulub.
Noyabrın 3-dən dekabrın 8-dək Konstitusiya Məhkəməsində keçiriləcək təlim proqramı əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, eləcə də süni intellekt, məlumatların idarəolunması və kibertəhlükəsizlik sahələrində biliklərinin artırılması məqsədilə təşkil edilib.
XQ