Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 2025-ci il üçün ümumilikdə 2726 şikayət daxil olmuşdur.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, onlardan 719-u Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq kollegiyaları tərəfindən qəbul edilmiş Qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı şikayətlər olmuşdur.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə daxil olmuş 719 konstitusiya şikayətindən 380-i Konstitusiya Məhkəməsi Palatalarının iclaslarında müzakirə edilməsi və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7-ci və 52-ci maddələrində nəzərdə tutulmuş qaydada baxılması üçün Konstitusiya Məhkəməsinin hakimlərinə təqdim edilmişdir.
Bundan əlavə, daxil olmuş 339 konstitusiya şikayətinə dair isə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.1, 34.5, 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə uyğun şəkildə, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada ilkin olaraq öyrənilərək ərizəçilərə müvafiq məlumat verilmiş və Konstitusiya Məhkəməsinə təkrar müraciət etmək hüququ izah olunmuşdur.