Konstitusiyamız dövlətçiliyimizin müqəddəs rəmzidir

11.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konstitusiya dövlətin təməli, vətəndaşın hüquq və azadlıqlarının göstəricisi, yolgöstərəni, hüquqi dövlət quruculuğunun əsas istiqamətvericisidir. Konstitusiya eyni zamanda vətəndaşın istinad nöqtəsi, öz hüquq və azadlıqlarını tanımasının, müdafiə etməsinin və qanun qarşısında məsuliyyətini dərk etməsinin hüquqi təminatıdır. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmiz bir müddət Konstitusiyasını qəbul edə bilməmiş, bu istiqamətdə zəruri və ardıcıl fəaliyyət həyata keçirilməmişdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyimizin qorunmasını və möhkəmləndirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin edən Ulu öndər qısa zaman ərzində dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılması istiqamətində ardıcıl və təqdirəlayiq addımlar atdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiyanın qəbul edilməməsi, Sovet İttifaqı dönəmində isə Azərbaycan SSR-in Konstitusiyasının imperiyanın siyasi maraqları çərçivəsində formalaşdırılması milli dövlətçilik tariximizin mürəkkəb səhifələrindəndir. Belə bir siyasi şəraitdə milli düşüncəsi, xalqına və Vətəninə bağlılığı ilə seçilən Heydər Əliyev böyük çətinliklərə və ciddi təzyiqlərə baxmayaraq, 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsinə nail oldu. Bu addım onun milli dəyərlərə sədaqətinin, dövlətçilik düşüncəsinin və xalqının gələcəyinə bağlılığının tarixi ifadəsi kimi yaddaşlarda yaşayır.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, müstəqillik illərində də Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması prosesi başlandı, layihə geniş ictimai müzakirəyə çıxarıldı. Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin mütləq əksəriyyətinin səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Dövlətimizin Əsas Qanunu həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının hüquqi təminatını müəyyənləşdirməklə yanaşı, dövlət qarşısında vəzifələrini, cəmiyyət və hakimiyyət arasındakı münasibətlərin əsaslarını da müəyyən etdi. Ulu öndər Heydər Əliyevin müvafiq fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan olundu. Konstitusiyamızın qəbulu ilə dövlətçilik tariximizdə yeni bir səhifə açıldı. Hüquq, bərabərlik, ədalət və azadlıq prinsiplərini özündə ehtiva edən bu ali sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının, qanunun aliliyinin təmin edilməsinin, dövlətlə cəmiyyət arasında hüquqi münasibətlərin tənzimlənməsinin əsasını qoydu.

Deputat sonda vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsasını təşkil edərək demokratik inkişafın, qanunun aliliyinin, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir. Konstitusiyamız hər birimizin fəaliyyətində əsas istinad nöqtəsi, dövlətimiz və xalqımız üçün müqəddəs dəyərdir. Biz öz Konstitusiyamıza and içir, onun prinsiplərinə sədaqətimizi dövlətimizə və xalqımıza xidmətimizin ali vəzifəsi hesab edirik.

Ona görə də Konstitusiyamız dövlətçiliyimizin əsas sütunu, suverenliyimizin və müstəqilliyimizin rəmzi, dövlətçilik tariximizin müqəddəs simvoludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью