Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan cüdoçusu Könül Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində tarixi uğura imza atıb.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı yarışın qalibi olmaqla “Böyük Dəbilqə” turnirlərində qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva ilk görüşündə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı məğlub edib. O, 1/4 finalda niderlandlı Amber Gersyesə, yarımfinalda isə fransalı Melani Lequ-Klemana qalib gəlib.
Finalda Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Azərbaycan cüdoçusu rəqibindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bu qələbə Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medal kimi də tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan millisi turnirin ilk günündə iki qızıl medal qazanıb. Könül Əliyeva ilə yanaşı, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev də çempion olub.