Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədəbiyyata 60 il əvvəl “Xatirələr” adlı ilk şeiri ilə gələn gözəl şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu özü də artıq həzin bir xatirəyə döndü. Bundan sonra, çətin olsa da, onun haqqında feilin keçmiş zamanında danışmalı olacağıq.
O, Füzuli şəhərində dünyaya göz açıb, orada orta məktəbi bitirib. Sonra Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) mühəndis ixtisası üzrə ali təhsil alsa da, ömrünü-gününü poeziyaya həsr edib. “Gənclik” və Azərbaycan Dövlət nəşriyyatlarında redaktor, şöbə müdiri, baş redaktor olub. Keçmiş Mətbuat və İnformasiya, eləcə də Mədəniyyət nazirliklərində yüksək vəzifələrdə çalışıb.
Son yarım əsrdə Azərbaycan poeziyasının istedadlı simalarından biri kimi tanınmış Çingiz Əlioğlunun yaradıcılığı mövzu genişliyi və poetik ifadə təzəliyi ilə diqqət çəkib. Onun şeirləri fikir, məzmun və forma-struktur elementləri baxımından öncül dünya poeziyası ilə səsləşir, dəyərli novatorluq keyfiyyətləri ilə seçilir.
Balıqçı toru kimi
Nazik küçələrdən toxunub
bu şəhər.
Axşamlar pəncərə gözlərində
qızıl balıqlar kimi
çırpınır işıqları.
İçərişəhərdə küçələr
Bir ixtiyarın qarışıq
xatirələrinə bənzər.
Amma o, ədəbiyyata bir qədər gec – institutun 4-cü kursunda oxuduğu vaxt gəlib. Tələbə yataqxanasında otaq yoldaşı tez-tez Çingizə öz şeirlərini oxuyurmuş, o da “pis deyil” deyirmiş. Bir gün isə açığını deyib: “Zəifdir, mən beləsindən gündə 20-sini yazaram”. Mərc gəliblər və yazıb da. Sonra həmin 20 şeirdən 3-ü Rəsul Rzanın onu Nazim Hikmətlə müqayisə etdiyi “İstedad+zəhmət+dözüm” adı təqdimatı ilə “Ulduz” jurnalında dərc olunub. Buna qədər özünün “quru nəzm”i ilə öyünən tələbə yoldaşı şeirin daşını atıb, Çingiz isə istedadlı şair kimi tanınıb.
Onun 25 yaşında nəşr olunan “Nikbinlik” adlı ilk kitabı şeirsevərlərə, sözün əsl mənasında, nikbinlik bəxş edib. Sonra “Vağzallar, yollar”, “Soraqladı sevgi məni”, “Ömür ağacı”, “Alnından ay doğan adam”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Tanrını tanı (şeirlər və lirik poemalar)” kimi kitabları Çingiz Əlioğlunun yetkin-bitkin bir şair olması fikrini doğruldub. “Gün keçdi”, “Avand”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Gecə və bahar” və s. kitabları isə müəllifinə daha geniş oxucu məhəbbəti qazandırıb. “Bürkü”sü, “Qobustan ritmləri”, “Şiraz şeirləri” də müasir ədəbi mühitin dəyərli əsərləri sırasındadır. Onun nəşr nümunələrinin ümumi sayı 80-dən artıqdır.
Çingiz Əlioğlu orijinal yaradıcılıqda olduğu kimi, bədii tərcümə sahəsində də çox məhsuldar fəaliyyət göstərib. Dünyaca məşhur şairlər Anna Axmatovanın, Marina Svetayevanın, Sergey Yeseninin, İqor Şklyarevskinin, Lidiya Tatyaniçevanın, Ayven Soutollun əsərlərindən nümunələri dilimizə çevirib. 30-dan çox tərcümə kitabı çap olunub. Özünün yaradıcılıq nümunələri də xarici dillərə tərcümə edilib.
Onun sənət yolu elə də hamar olmayıb. Gecə-gündüz çalışıb – oxuyub, yazıb. Tutduğu yoldan dönməyib, bütün çətinliklərə mətanətlə sinə gərib.
Bir ömür yaşaram - narahat, çətin,
Arxamca daş atan olsa da, nə qəm.
Nəsillər rahatca keçsinlər deyə,
Atılan daşlardan bir yol döşərəm!
Şairin bir kitabının çapı ilə bağlı maraqlı fakt da məlumdur. Belə ki, “Çərçivə” adlanan həmin kitabı Rusiyada keçirilən VII Beynəlxalq kitab sənəti müsabiqəsində Qran-priyə və 35 min dollar mükafata layiq görülüb, amma şair o mükafatı bütünlüklə nəşriyyata bağışlayıb. Səbəbini soruşanda deyib ki, kitab ən qısa müddətdə – 10 gün içərisində ərsəyə gətirildiyi üçün belə edib.
İnsan kimi, gözü-könlü tox, kübar və xeyirxah olan Çingiz Əlioğlu həm də haqsızlığa qarşı barışmaz bir ziyalı kimi tanınırdı. Bir dəfə Moskvada beynəlxalq xalça sərgisində erməni soyadlı aparıcı qadın Azərbaycan sənət nümunələrini farslara və ermənilərə aid edirmiş. Şair bu haqsızlığa dözməyərək çıxışında iradını sərt və qəti etiraz şəklində bildirib.
“Ayaq”ı tərsinə oxudum,
Gördüm “qaya”dır.
Elədir, düşündüm,
ömrüm boyu
hara ayaq qoydum,
önümü qaya kəsdi...
Azərbaycandan kənarda yaxşı tanınan, beynəlxalq poeziya festivallarında, konfranslarda uğurla iştirak edən Çingiz Əlioğlunun yaradıcılığı xaricdə layiqincə dəyərləndirilib. Hələ gənc ikən Ümumittifaq poeziya müsabiqəsində qalib gələrək “Yunost” jurnalının “Yaşıl yarpaq” mükafatına layiq görülüb. 1990-cı ildən Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü olub. 2015-ci ildə isə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko şairin “Fransisk Skorina” medalı ilə təltif olunması barədə fərman imzalayıb.
Onun 2006-cı ildə çap olunan “Fraqmentlər” kitabında esseləri, müsahibələri, ədəbiyyat haqqında düşüncələri yer alıb. Xüsusilə Rəsul Rza, Ələkbər Salahzadə, Tofiq Abdin, Kəramət, Əsəd Cahangir, Səlim Babullaoğlu, Tofiq Qaraqaya haqqında qələmə aldığı yazıları maraqla oxunub. Çingiz Əlioğlu daha əvvəl – “Gənclik” nəşriyyatında şöbə müdiri işlədiyi vaxtlarda Məmməd Arazın, Nəbi Xəzrinin kitablarına sanballı Ön sözlər yazıb.
O, eyni zamanda, çox tələbkar oxucu idi. Mərhum ədəbiyyatşünas Nizaməddin Şəmsizadə bir məqaləsində yazmışdı ki, Azərbaycan poeziyası ilə bağlı ən obyektiv tənqidi məqalələr nümunəsi məhz Çingiz Əlioğluna aiddir. Şair özü müsahibələrinin birində cəsarətlə deyib: “Son vaxtlar boz ədəbiyyat nümunələrinin baş alıb getməsinə təəssüf edirəm. Gərək heç bir qələm sahibi yüksək zövq deyilən anlayışı unutmasın, klassikanı görməzdən gəlməsin”.
Danılmaz bir qanun, həqiqət də var:
Hər köhnə yerini təzəyə verir.
Köhnənin üstündə tutmasa qərar,
Təzə öz gücünü bəzəyə verir.
Çingiz Əlioğlu kinoya da çəkilib. Ucaboy, yaraşıqlı gənc bir gün Bakının mərkəzində dayısı – Xalq yazıçısı İlyas Əfəndiyevlə gəzərkən kinorejissor Arif Babayev onu çağırıb deyib ki, sabah kinostudiyaya gəl, səninlə işim var. Gedib və “Gün keçdi” filmində Camal müəllim rolunda çəkilmək təklifi alıb. Sınaqdan uğurla keçib və oyunu da yaxşı alınıb. Daha sonra isə o, Vaqif Mustafayevin “Yaramaz” bədii filmində telejurnalist obrazını yaradıb. Amma digər təkliflərdən “Mən aktyor deyiləm” – deyərək imtina edib, yəni şairliyinə xain çıxmayıb. Əvəzində onun övladları - Tahir və Orman bu sahəni seçiblər. Hər ikisi istedadlı rejissor və prodüserdirlər. Tahir 20 ilə yaxındır ki, Finlandiyanın paytaxtı Helsinkidə müstəqil “Helmi” kino şirkətinə rəhbərlik edir, Orman isə Bakıdakı Media Mərkəzinin icraçı direktoru, Əməkdar mədəniyyət işçisidir.
Xeyli müddət Mədəniyyət Nazirliyinin nəşriyyat işlərinə rəhbərlik etmiş, AYB-nin poeziya bölməsinin rəhbəri olmuş Çingiz Əlioğlu son illərdə yaş həddi və xəstəliyi ilə əlaqədar işindən ayrılıb. Müdrik çağında “Qapı” və “Qonşunun iti” adlı kitabları işıq üzü görüb.
Şeirlərinin birində “Ömrümüzün uzunluğu adımız unudulana kimidir” – deyən Çingiz Əlioğlu könüllərdə taxt-tac qurması ilə sübut edib ki, unudulmazlardan olacaq. Başqa bir şeirində isə yazıb ki, xoşbəxt şair sabahların şeirini yaradandır. Bu fikri də tam əminliklə onun özünə aid etmək olar.
Tanınmış şair son mənzilə yola salınıb
Avqustun 9-da 82 yaşında dünyasını dəyişmiş Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu ilə dünən Təzə Pir məscidində vida mərasimi keçirilib. Mərhumun ailə üzvlərinin, yaxınlarının, qələm dostlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hüzn məclisində Çingiz Əlioğlunun Azərbaycan ədəbiyyatında xidmətlərindən, zəngin yaradıcılığından və insani keyfiyyətlərindən söz açılıb, ruhuna rəhmət dilənib.
Sonra mərhum Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Bu gün Təzə Pir məscidində mərhumun yas məclisi keçiriləcək.
Əli NƏCƏFXANLI
XQ