Könüllü köçə siyasi don geyindirilməməlidir RƏY

25.01.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Qarabağda yaşayan erməni əsilli şəxslərin öz istəkləri ilə Ermənistana köçməsi təbii və başadüşülən prosesdir

Asəf Quliyev: Qərbi azərbaycanlıların hüquqları da beynəlxalq gündəmdə eyni səviyyədə müzakirə olunmalı və tanınmalıdır

Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib.

Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.

Arsen Torosyanın sözlərinə görə, həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək, köçürülmələrini xahiş ediblər. Onlar bu müraciətlər əsasında Ermənistana gətiriliblər.

Mövzunu şərh edən araşdırmaçı-jurnalist Asəf Quliyev "Sherg.az"a açıqlamasınsa bildirib ki, insanların harada yaşamaq istəməsi onların fundamental hüququdur və bu prinsip beynəlxalq hüquqla da təsbit olunub:

"Bu baxımdan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərin öz istəkləri ilə Ermənistana köçməsi təbii və başadüşülən prosesdir. Onun fikrincə, Azərbaycan dövləti Qarabağda yaşayan ermənilər üçün təhlükəsizlik, sosial təminat və humanitar dəstək baxımından lazımi şərait yaradıb, beynəlxalq qurumların iştirakı ilə humanitar yüklərin çatdırılmasına imkan verib və mülki əhaliyə qarşı hər hansı təzyiq siyasəti yürütməyib. Buna baxmayaraq, uzun illər davam edən münaqişə və psixoloji gərginlik fonunda bəzi şəxslərin özlərini narahat hiss etməsi mümkündür".

Ekspert vurğulayıb ki, bu cür köçürülmələrə siyasi və ya gizli məna yükləmək doğru deyil:

"Söhbət konkret insanların şəxsi müraciəti və iradəsi əsasında həyata keçirilən humanitar addımdan gedir. Azərbaycan tərəfi bu məsələdə beynəlxalq humanitar normalara uyğun davranaraq, könüllü köçü təmin edib və proses şəffaf şəkildə reallaşıb".

A. Quliyev eyni zamanda diqqəti vacib bir ziddiyyətə yönəldir. Onun sözlərinə görə, Azərbaycan dövləti Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi mövqeyə uyğun olaraq, 1988-ci ilə qədər Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi təhlükəsiz və ləyaqətli şəkildə yaşamaq hüququnu tanıyır:

" Lakin bunun əksinə olaraq, nə Ermənistan dövləti, nə də Ermənistan cəmiyyəti 1988-ci ilə qədər Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq hüququnu qəbul edir. Daha da önəmlisi, bu məsələni beynəlxalq platformalarda və ya ikitərəfli dialoq çərçivəsində müzakirə etməkdən belə imtina edirlər".

A. Quliyevin fikrincə, Qarabağ ermənilərinin könüllü köçü humanitar məsələ kimi qəbul edildiyi kimi, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqları da beynəlxalq gündəmdə eyni səviyyədə müzakirə olunmalı və tanınmalıdır. Əks halda, birtərəfli yanaşma regionda sülh prosesinə deyil, yeni etimadsızlıq mühitinin formalaşmasına xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью