Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-da Malibu sahillərində balıq tutan kayakçı köpəkbalığının hücumuna məruz qalıb. Balıqçı tutduğu köpəkbalığını buraxmağa çalışarkən heyvan onu iki dəfə dişləyib.
Moderator.az “Fox News” nəşrinə istinadla xəbər verir ki, hadisə oktyabrın 4-də səhər saatlarında Los-Anceles dairəsində baş verib.
Məlumata görə, balıqçı mako köpəkbalığını tutaraq balıq ipi ilə özünə tərəf çəkib. Onu buraxmağa çalışdığı zaman köpəkbalığı qəfil kişini dişləyib və nəticədə o, suya düşüb. Heyvan isə üzərək uzaqlaşmazdan əvvəl balıqçını ikinci dəfə dişləyib.
Yaxınlıqdakı Paradise Cove Beach Café-nin meneceri zərərçəkənin ayağında, dizinin həm aşağısında, həm də yuxarısında diş izləri gördüyünü bildirib.
Kişi keçmiş xilasedici olan sevgilisinə zəng edib. Sevgilisi onun sudan çıxmasına kömək edib, sahildə ilkin tibbi yardım göstərib və təcili tibbi xidmət çağırıb. Zərərçəkən daha sonra xəstəxanaya aparılıb.
Qeyd edək ki, bundan əvvəl Avstraliyada da köpəkbalığı çimərlikdə bir kişiyə hücum edərək onun ayağını dişləmişdi. Hadisə Pertdən 430 kilometr şimalda yerləşən Geraldton şəhərindəki Glenfield çimərliyində baş vermişdi.