Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Stokholm, 29 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC
Kopenhagendə ABŞ Səfirliyinin binası qarşısında Əfqanıstanda həlak olmuş Danimarka hərbçilərinin xatirəsinə quraşdırılmış bayraqlar götürülüb.
AZƏRTAC xəbər verir ki, diplomatik missiyanın mühafizə xidmətinin bu addımı siyasətçilər, veteran təşkilatları və ictimaiyyət tərəfindən kəskin tənqidə məruz qalıb.
Ümumilikdə üzərində həlak olmuş əsgərlərin adları yazılmış 44 bayraq quraşdırılmışdı. Aksiya ABŞ Prezidenti Donald Trampın yanvarın 22-də Davosda “Fox News” telekanalına verdiyi müsahibədə NATO-nun Amerika ölkəsi olmayan dövlətlərin Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni kiçiltməsi ilə bağlı səsləndirdiyi bəyanatlara cavab olaraq həyata keçirilmişdi. ABŞ səfirliyi əvvəlcə bayraqların götürülməsini səfirliklə razılaşdırılmadığını bildirsə də Danimarkada bir çoxları bu addımı təxribat və həlak olanların xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.
Veteran təşkilatlarının nümayəndələri Trampın açıqlamalarının danimarkalı hərbçilərə münasibətdə “xəyanət” kimi qəbul edildiyini bildiriblər.
ABŞ Prezidentinin bəyanatları beynəlxalq səviyyədə də tənqid olunub — NATO-nun Baş katibi Mark Rütte və Böyük Britaniyanın müdafiə naziri Con Hil kəskin reaksiya veriblər.
İctimai rezonansdan sonra səfirlik binası qarşısında bayraqlar yenidən quraşdırılıb.