“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişikliyi baş verir

30.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Avropa İttifaqının Orta Mənzilli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdində fəaliyyət göstərən “Kopernik” monitorinq xidmətinin (CAMS) çərşənbə günü dərc etdiyi yeni hesabata əsasən, Avropa dənizlərində dəniz istilik dalğalarının rekord səviyyəyə çatması fonunda Arktika regionu sürətli dəyişikliklərə məruz qalır.

AZƏRTAC xəbər verir ki, hesabata görə, okean temperaturunun yüksəlməsi dünya dənizlərində əhəmiyyətli dəyişikliklərə səbəb olur və bu, dəniz ekosistemləri, sahilboyu icmalar, iqtisadiyyatlar üçün müəyyən nəticələr doğurur.

Hesabatda Arktika ən kəskin dəyişikliklərin müşahidə olunduğu regionlardan biri kimi qeyd edilib. Məlumata əsasən, 1979-2025-ci illər ərzində Arktikada dəniz buzlarının sahəsi hər onillikdə təxminən 490 min kvadratkilometr – yəni demək olar ki, İspaniyanın ərazisi qədər azalıb.

Qeyd olunur ki, dəniz buzlarının azalması külək və dalğa fəallığının artmasına səbəb olub, nəticədə Arktikanın sahilboyu infrastrukturunun təxminən 60 faizi eroziya, habelə dəniz səviyyəsinin qalxması təhlükəsi ilə üz-üzə qalıb.

Hesabatda, həmçinin Avropa regionu dənizlərində müşahidə olunan qeyri-adi dərəcədə yüksək temperaturlara diqqət çəkilib. 2024-cü ildə Aralıq və Qara dənizlərdə rekord səviyyədə dəniz istilik dalğaları qeydə alınıb; burada temperaturlar normadan 4,6 dərəcə Selsi yüksək olub.

Eyni zamanda, qlobal dəniz səviyyəsinin yüksəlməsi davam edir və 2012-ci ildən bəri bu artım tempi illik orta hesabla təxminən 4,2 millimetrə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью