Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Regionun ölkəmizə yatırımı 600 milyon ABŞ dollarını keçib
Fars körfəzi ölkələrinin Avrasiya məkanına artan investisiya marağı fonunda Azərbaycan da bu axınlardan pay alan ölkələr sırasında yer alır. 2025-ci ilin birinci yarısının sonuna Körfəz ölkələri tərəfindən Azərbaycana yatırılan investisiyaların həcmi 606 milyon ABŞ dollarına çatıb. Bu göstərici regionlararası iqtisadi əməkdaşlığın genişlənməsi və Körfəz kapitalının Cənubi Qafqaza doğru istiqamətlənməsi baxımından diqqət çəkir.
Bu barədə Avrasiya İnkişaf Bankının “Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili” adlı hesabatında qeyd olunur. Hesabata əsasən, Körfəz ölkələrinin Avrasiya regionuna investisiya qoyuluşları yüksək templə artmaqdadır. Ötən ilin ilk altı ayında bu ölkələrdən regiona yönələn investisiyaların ümumi həcmi 23,9 milyard ABŞ dolları təşkil edib. Bu məbləğ 2016-cı illə müqayisədə 3,2 dəfə, 2023-cü illə müqayisədə isə 60 faiz çoxdur.
Sənədə görə, 2025-ci ilin ilk yarısında Fars körfəzi ölkələrinin investorları Avrasiya məkanında ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları olan 10 yeni layihənin icrasına start veriblər. Bu təşəbbüslər tam şəkildə reallaşdırılacağı təqdirdə, layihələrin ümumi dəyəri 6,5 milyard ABŞ dollarını ötəcək. Ümumilikdə isə 2016-cı ildən etibarən region üzrə aktiv layihələrin sayı 55-ə çatıb. Cari ildə yeni layihələrin beşi Özbəkistanda, üçü Qazaxıstanda, ikisi isə Azərbaycanda həyata keçirilməyə başlanılıb.
Avrasiya regionuna yönələn investisiyaların ölkələr üzrə bölgüsündə Birləşmiş Ərəb Əmirlikləri lider mövqedədir. Körfəz kapitalının 68 faizi, yəni 16,1 milyard ABŞ dolları məhz BƏƏ-nin payına düşür. Səudiyyə Ərəbistanı 18 faiz (4,2 milyard dollar), Qətər 10 faiz (2,4 milyard dollar), Oman isə 5 faiz (1,1 milyard dollar) göstərici ilə növbəti yerlərdə qərarlaşıb.
Körfəz kapitalının Azərbaycandakı əsas layihələri enerji sektorunda cəmləşib. BƏƏ-nin Masdar şirkəti ölkənin Neftçala və Biləsuvar rayonlarında günəş elektrik stansiyalarının tikintisini nəzərdə tutan iki iri layihə həyata keçirir. Bu layihələr həm güc, həm də investisiya həcmi baxımından Azərbaycanın bərpaolunan enerji strategiyasında mühüm yer tutur və regionlarda iqtisadi aktivliyin artmasına töhfə verir.
Qeyd edək ki, son illər Azərbaycanla Fars körfəzi ölkələri arasında iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyub. Körfəz ölkələrinin diqqətini Cənubi Qafqaza yönəltməsi regionlararası əməkdaşlığın strateji mahiyyətini daha aydın göstərir. Azərbaycan bu prosesdə sabitlik, etibarlılıq və proqnozlaşdırıla bilən iqtisadi siyasət nümunəsi kimi ön plana çıxır. Ölkənin makroiqtisadi dayanıqlığı, fiskal intizamı və uzunmüddətli inkişaf strategiyası xarici investorlar üçün cəlbedici mühit formalaşdırıb. Xüsusilə enerji sektorunda aparılan institusional islahatlar Körfəz kapitalı üçün əlverişli platforma yaradıb.
Fars körfəzi ölkələrinin investisiya maraqları Azərbaycanın milli prioritetləri ilə üst-üstə düşür. Etibarlı tərəfdaşlıq indi elektrik enerjisi və bərpaolunan mənbələr sahəsində davam etdirilir. Günəş və külək enerjisi layihələri ölkənin “yaşıl enerji” strategiyasının əsas dayaqlarından birinə çevrilib və bu istiqamətdə Körfəz şirkətləri aparıcı rol oynayır.
BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa edilən “Qaradağ” Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərindədir. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilir. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb.
Azərbaycanın əməkdaşlıq etdiyi və ölkəyə investisiya qoyuluşu edənlər sırasında Səudiyyə Ərəbistanına məxsus “ACWA Power” şirkəti də var. Şirkətin inşa etdiyi və bu yaxınlarda istifadəyə verilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ümumi dəyəri təqribən 300 milyon ABŞ dolları təşkil edir.
Fars körfəzi ölkələrinin Azərbaycana yönələn investisiyaları həm maliyyə axınının, həm də regionlararası strateji tərəfdaşlığın möhkəmlənməsi deməkdir. Bu əməkdaşlıq Azərbaycanın enerji keçidi, iqtisadi şaxələndirmə və beynəlxalq iqtisadi sistemdə mövqeyinin güclənməsi baxımından mühüm rol oynayır. Qarşıdakı dövrdə bu xəttin daha da dərinləşməsi regionlararası əməkdaşlığı yeni keyfiyyət mərhələsinə daşıya bilər.
Musa BAĞIRLI
XQ