Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 fevral, AZƏRTAC
Yanvar ayının əvvəlindən başlayaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilib. Ay ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 14, WTI markalı neftin qiyməti isə 12 faiz artıb.
AZƏRTAC xəbər verir ki, ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsi fonunda bazarda qeyri-müəyyənlik davam edir. Londonun “İCE Futures” birjasında aprel sifarişləri üçün bir barel “Brent” markalı neftin qiyməti 69,59, WTI isə 65,14 dollara kimi artıb. Bu gün isə “Brent” 65,23, WTI isə 61,16 dollaradək azalıb.
OPEC-in Vyanada keçirilən növbəti iclasında qərara alınıb ki, OPEC+ ölkələri hasilatı əvvəlki kimi saxlasınlar. Yalnız Qazaxıstan Trans-Xəzər Boru Kəmərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən nəqli müvəqqəti dayandığından və elektrik enerjisi kəsintisinə görə "Tenqiz" yatağından 10 gün müddətində hasilatın dayanmasına görə hasilatı qismən artıra bilər. Digər OPEC+ ölkələri üçün sutkada 1,65 milyon barel hasilat qüvvədə qalır.
OPEC-in fevralın 1-də keçirdiyi iclas dünya bazarında neftin qiymətinə heç bir təsir göstərmədi. “Bloomberg”in məlumatına görə, iclasın məqsədi də elə ondan ibarət idi ki, bazardakı qiymətlər toxunulmaz olaraq qalsın. OPEC-in növbəti iclası martın 1-də keçiriləcək.
“JP Morgan” investisiya bankının analitikləri bildiriblər ki, qiymət artımı müvəqqəti xarakter daşıyır. ABŞ hərbi əməliyyatlara başlasa bu uzun zaman davam etməyəcək. Rəsmi Vaşinqton bir neçə dəqiq zərbə endirərək İranın nüvə obyektlərini məhv edəcək ki, bu da bazarın fəaliyyətinə təsirsiz ötüşəcək. Neft nəqliyyatı infrastrukturuna da zərər dəyməyəcək.
“Citi” bankının ekspertləri hesab edirlər ki, rəsmi Tehran məcburiyyət qarşısında qalaraq ABŞ tərəfindən irəli sürülən bütün şərtləri qəbul edəcək və hərbi əməliyyatlardan yayınacaq. Lakin Körfəz ölkələri İranın Hörmüz boğazını bağlayacağından ehtiyat edirlər. Körfəzdən Hörmüz boğazı ilə dünya bazarının neft tələbatının 20 faizi daşınır. ABŞ-ın ikisi təyyarə daşıyan olmaqla, Körfəzə 6 hərbi gəmi göndərməsi də boğazın bağlanmasının qarşısını almaq üçündür. İran İslam İnqilabı Keşikçiləri Korpusunun “İran dənizin altını da, üstünü də nəzarətdə saxlayır” - bəyanatından və ABŞ-ın hərbi gəmilərini dronlarla izlədiyini televiziya ilə nümayiş etdirdikdən sonra Amerika gəmiləri Körfəzə daxil olmadan yaxın ərazidə dayandılar.
“Barclays” bankının proqnozuna görə, hərbi əməliyyatlar başlayarsa neftin qiyməti 80 dollara kimi yüksələ bilər. Lakin bu qiymət artımı uzun müddət davam etməyəcək. Bank 2026-cı ildə neftin dünya bazarında qiymətinin 60 dollar ətrafında olacağını bildirib. İran neftinin bazara daxil olmasının qarşısı alınarsa onu Venesuela nefti əvəzləyəcək və qiymətlərdə kəskin artım müşahidə edilməyəcək.
Bunlarla yanaşı, beynəlxalq bazarlarda təbii qazın qiymətində də artım müşahidə edilir. Ötən həftə qazın qiyməti Böyük Britaniyada 10, Niderlanda 10, Almaniyada 8,1 faiz artıb.
“Gas-Union” treyding qrupunun mütəxəssisi Tobis Meyer “Bloomberg”ə bildirib ki, Körfəzdə baş verənlərin fonunda qazın qiymətinin artması təəccüblü deyil. Qiymət artımı bazarın geosiyasi vəziyyətə reaksiyasının nəticəsidir. Hazırda Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 413 dollara satılır.