Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İyulun 2-də Sabunçu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Koroğlu körpüsündə yolun kənar hissəsinə ziyan dəyib.
Bu barədə Axar.az-a şəhər sakinlərindən şikayət daxil olub.
“Hadisədən təxminən 3 ay keçməsinə baxmayaraq, ərazidə bərpa və təmir işlərinə başlanılmayıb. Körpünün zədələnmiş hissəsi hələ də əvvəlki vəziyyətində qalır və bu da sürücülər üçün əlavə risk yaradır”, - şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, yaxın günlərdə bərpa işləri aparılacaq:
“Qeyd olunan ərazidə zədələnmiş metal yol təhlükəsizlik elementlərinin vəziyyəti Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən nəzərdən keçirilib. Hazırda avtomobil yollarının müxtəlif hissələrində bu tip elementlərin təmiri və bərpası istiqamətində mərhələli işlər həyata keçirilir.
Sözügedən yol sahəsində də zəruri bərpa işlərinin yaxın müddətdə icrası nəzərdə tutulur. İşlər mövcud texniki vəziyyət və prioritetlik nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir”.