Koronavirusdan sonra yeni təhlükə Nipah virusunun ölkəmizdə yayılma ehtimalı varmı?

28.01.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son vaxtlar Hindistanda epidemiya potensialına malik, peyvəndi və ya müalicəsi olmayan Nipah virusu yayılmaqdadır. Virusa görə ölkədə onlarla şəxs karantinə alınıb. Virus səbəbindən ölümlərin olduğu da bildirilib.

Bəs bu virusun Azərbaycanda yayılma ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında İnfeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, hazırda ölkəmiz üçün ciddi təhlükə yoxdur:


“Koronavirusda olduğu kimi burada da yoluxma yarasalar vasitəsilə baş verir. Lakin bu virusun hava-damcı yolu ilə yoluxması çox nadir hallarda müşahidə olunur. Əsasən yarasalardan, onların çirkləndirdiyi meyvələrdən və digər yollarla insanlara keçə bilir.

Hindistanda həmin yarasalar mövcuddur, lakin bütün yarasa növləri bu virusu daşımır. Azərbaycanda isə həmin yarasa növü yoxdur”.

M.Əliyev vurğulayıb ki, bununla belə risk istisna edilmir:

“Həmin ölkədən gələn turistlər vasitəsilə virus ölkəmizdə yayıla bilər. Lakin Azərbaycan bu virus üçün endemik zona sayılmır. Yəni həmin yarasaların yaşaması və xəstəliyin yayılması üçün ölkəmizdə münbit şərait yoxdur. Bu virusun insandan insana keçməsi də sürətli deyil. Əlbəttə, gələcəkdə mutasiya baş verərsə və virus hava-damcı yolu ilə sürətlə yoluxan formaya çevrilərsə, o zaman epidemiya riski yarana bilər. Amma hazırda bu virusun belə bir potensialı yoxdur”.

İnfeksionist Vasif Əliyev isə bildirib ki, Nipah virusu asimptomatik infeksiyaya səbəb olmaqla yanaşı, eyni zamanda kəskin tənəffüs yolu xəstəliyinə, tənəffüs çatışmazlığına və hətta ölümcül ensefalitə də yol aça bilər:


“Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş dərman və ya peyvənd mövcud deyil. Digər viruslara qarşı istifadə olunan peyvəndlər də bu virusa qarşı təsirli deyil”.

Onun sözlərinə görə, virusun inkubasiya dövrü adətən 4-14 gün təşkil etsə də, bəzi hallarda bu müddət 45 günə qədər uzana bilər:

“Hazırda yalnız simptomatik müalicə aparılır. Xüsusilə Hindistan və riskli bölgələrdən gələn şəxslərdə şübhəli əlamətlər müşahidə olunarsa, dərhal izolyasiya edilməli və həkim nəzarətinə götürülməlidirlər”.

Xatırladaq ki, COVID-19 koronavirusu ilk dəfə Çinin Vuhan şəhərində 2019-cu ilin sonlarında aşkar olunmuşdu. Dünya Səhiyyə Təşkilatının “SARS-CoV-2” kimi adlandırdığı virus da insanlara yarasalardan keçmişdi.

Lalə,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью