Korrupsiya barədə məlumat verənlər qorxmasınlar Prezident qanunu TƏSDİQLƏDİ | Icma.az
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.
Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.
Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.
Sözügedən Qanuna əlavə edilən yeni maddəyə əsasən isə orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.
Tam oxu
Xəbəri oxu