Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ay və Marsda insan koloniyaları qurmaq planları yeni sualları gündəmə gətirib.
Bakıvaxtı.az xəbər verir ki, NASA-nın 2032-ci ilə qədər Ayda daimi yaşayış məntəqələri yaratmaq və gələcəkdə Marsa insan göndərmək planları alimləri Yer kürəsindən kənarda insan nəslinin davam etdirilməsi məsələsini araşdırmağa sövq edib.
Mütəxəssislərin fikrincə, Ay və Marsda uzunmüddətli yaşayışın mümkün olması üçün insanların həmin mühitdə çoxala bilməsi vacibdir. Lakin zəif cazibə qüvvəsi, yüksək kosmik radiasiya və uzunmüddətli kosmik səyahətlərin insan orqanizminə təsiri bu prosesi çətinləşdirə bilər.
NASA bu ilin may ayında nüvə və günəş enerjisi ilə işləyəcək daimi Ay bazasının tikintisini nəzərdə tutan 20 milyard dollarlıq proqramın detallarını açıqlayıb. Agentlik 2032-ci ilə qədər insanların Ayda yarı daimi yaşayış məntəqələrində məskunlaşmasını, gələcəkdə isə ilk insanlı Mars missiyasını həyata keçirməyi planlaşdırır. Marsa uçuşun təxminən 7-10 ay davam edəcəyi hesablanır.
Alimlər bildirirlər ki, Yerin maqnit sahəsi və qalın atmosferi insanları təhlükəli kosmik radiasiyadan qoruyur. Ay və Marsda isə belə bir təbii müdafiə sistemi yoxdur. Bundan əlavə, həmin səma cisimlərində cazibə qüvvəsi Yerlə müqayisədə xeyli zəifdir ki, bu da insan orqanizminin, xüsusilə reproduktiv sistemin fəaliyyətinə təsir göstərə bilər.
Avstraliyanın Adelaide Universitetinin baş müəllimi doktor Nikol Makferson bildirib ki, əvvəlcə elmi fantastika kimi görünən bu mövzu artıq ciddi tədqiqat sahəsinə çevrilib. Onun sözlərinə görə, həyat yoldaşı ilə birlikdə izlədiyi bir kosmos sənədli filmi bu istiqamətdə araşdırmalara başlamasına səbəb olub.
Makfersonun rəhbərlik etdiyi tədqiqat qrupu mikroqravitasiya şəraitini təqlid edən xüsusi laboratoriya sistemində sperm hüceyrələrinin hərəkətini araşdırıb. Tədqiqat zamanı müəyyən edilib ki, mikroqravitasiya şəraitində bəzi sperm hüceyrələri istiqamətini itirir və normal cazibə qüvvəsi şəraitindəki nəticələrlə müqayisədə labirentin sonuna çatan sperm hüceyrələrinin sayı təxminən 50 faiz azalır.
Alim qeyd edib ki, bu araşdırma Marsın cazibə qüvvəsini tam əks etdirməsə də, Yerin cazibə qüvvəsinin təbii mayalanma prosesində mühüm rol oynadığını göstərir.
Araşdırmalar bununla məhdudlaşmır. Tədqiqatçılar mikroqravitasiyanın siçan embrionlarının inkişafının ilk 24 saatına təsirini də öyrəniblər. Nəticələr embrionların inkişafında zəifləmə müşahidə olunduğunu göstərib.
NASA-nın baş elmi əməkdaşlarından doktor Fathi Karouia bildirib ki, mikroqravitasiya hüceyrələrin bölünməsinə, təşkilatlanmasına və bir-biri ilə əlaqəsinə təsir edir. Onun sözlərinə görə, bu proseslər mayalanma və embrionun erkən inkişaf mərhələləri üçün həyati əhəmiyyət daşıyır.
İsveçin Uppsala Universitetinin molekulyar və hüceyrə biologiyası professoru Yan-Bernd Ştukenborq isə hesab edir ki, bu araşdırmalar təkcə gələcək kosmik koloniyalar üçün deyil, həm də astronavtların sağlamlığının qorunması baxımından vacibdir.
Onun sözlərinə görə, insanlar hələ kosmosda çoxalmasalar da, astronavtlar və onların reproduktiv hüceyrələri artıq kosmik mühitin təsirinə məruz qalır. Reproduktiv hüceyrələrdə yaranan zədələr gələcək nəsillərə ötürülə bilər ki, bu da mövzunun əhəmiyyətini daha da artırır.
Makferson hesab edir ki, bu istiqamətdə aparılan tədqiqatlar insan biologiyasını daha dərindən anlamağa da kömək edə bilər. O bildirib ki, mikroqravitasiya şəraitində daha uğurlu nəticə göstərən sperm hüceyrələrinin xüsusiyyətlərini müəyyən etmək gələcəkdə süni mayalanma və digər reproduktiv texnologiyaların inkişafına töhfə verə bilər.
Dünya Balakişiyeva,
BDU-nun Jurnalisitka fakültəsinin IV kurs tələbəsi