Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Fram2” kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib. Onlar cəmi dörd saatlıq təlimdən sonra portativ rəqəmsal rentgen aparatından uçuş zamanı müstəqil istifadə edə biliblər.
Görüntülərin keyfiyyəti necə olub?
2025-ci il martın 31-də başlayan missiya zamanı əl, said, döş qəfəsi, qarın və çanaq nahiyələrinin rentgen şəkilləri çəkilib.
Üç müstəqil radioloq uçuşdan əvvəl və orbitdə çəkilən görüntüləri müqayisə edib. Ümumi keyfiyyət və görüntü aydınlığı baxımından statistik əhəmiyyətli fərq aşkarlanmayıb. Bütün şəkillər diaqnostika üçün yararlı hesab olunub.
Əsas çətinlik çəkiliş zamanı bədənin düzgün vəziyyətdə saxlanılması ilə bağlı olub. Mikroqravitasiya şəraitində xüsusilə döş qəfəsi, qarın və çanaq nahiyələrinin çəkilişində insanı və avadanlığı düzgün yerləşdirmək çətinləşib.
Həm müayinə, həm də texniki yoxlama üçün
İndiyədək kosmosda tibbi görüntüləmə üçün əsasən ultrasəs müayinəsindən istifadə olunub. Lakin bu üsul bütün zədə və xəstəlikləri müəyyənləşdirmək üçün kifayət etmir. Portativ rentgen aparatı uzunmüddətli missiyalarda əlavə müayinə imkanı yarada bilər.
Təcrübə zamanı eyni cihazla elektron avadanlığın daxili hissələrinin də görüntüləri əldə edilib. Bu isə gələcəkdə kosmik texnikanı sökmədən yoxlamağa və nasazlıqları müəyyənləşdirməyə kömək edə bilər.
Tədqiqatçıların növbəti məqsədi sistemi daha yığcam, etibarlı və istifadəsi asan hala gətirməkdir.