Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Məşhur astrofotoqraf Ey Cey Smadi (AJ Smadi) Beynəlxalq Kosmik Stansiyanın (MKST) və Venera planetinin eyni vaxtda bir kadrda yer aldığı bəşər tarixindəki ikinci fotonu çəkməyə müvəffəq olub. Qeyd etmək lazımdır ki, bundan əvvəlki ilk analoji tarixi kadrın müəllifi də məhz Smadi özü olub. Bu nadir kosmik kəsişmə ABŞ-ın Vaşinqton ştatında, Sietl şəhərindən şimalda yerləşən Edmonds parkında lentə alınıb.
Fotosənəddə Venera və MKST ölçü baxımından demək olar ki, bərabər görünür, lakin bu, sadəcə vizual optik illüziyadır. Planet Yerdən təxminən 135 milyon kilometr uzaqlıqda yerləşdiyi halda, orbital stansiya planetimizin səthindən cəmi bir neçə yüz kilometr hündürlükdə dövr edir. Reallıqda Veneranın ölçüləri Yer planetinin ölçüləri ilə müqayisə oluna bilər, MKST-nin uzunluğu isə təxminən bir futbol stadionunun eninə bərabərdir.
Bu nadir kadrı əldə etmək üçün fotoqraf ultra-dəqiq riyazi və astronomik hesablamalar aparmalı olub. Yerdən müşahidə zamanı Venera və MKST-nin mövqelərinin üst-üstə düşməsi son dərəcə nadir hadisə olduğundan, Smadi optimal çəkiliş nöqtəsini hətta bir neçə metr dəqiqliklə əvvəlcədən müəyyənləşdirib.
Çəkiliş üçün Smadi fokus məsafəsi 2350 millimetr olan 9,25 düymlük "Celestron" (Şmidt-Kasseqren sistemi) teleskopundan istifadə edib. Təsvir "Sony IMX662" sensoru ilə təchiz edilmiş "ZWO ASI662MC" astronomik kamerası vasitəsilə qeydə alınıb. Əlavə olaraq, fotoqraf görünən spektrdən kənar şüalanmanı bloklayan xüsusi ultrabənövşəyi və infraqırmızı filtrlərdən yararlanıb.
Bu, usta astrofotoqrafın ilk belə uğuru deyil. Smadi bundan əvvəl də Yerdən 400 kilometr yüksəklikdə hərəkət edən Beynəlxalq Kosmik Stansiyanın heyrətamiz dərəcədə detallı və aydın fotoşəkillərini çəkib. Onun portfelində, həmçinin Günəş sisteminin dərinliklərində baş verən hadisələr, o cümlədən Saturn planetindəki nadir tutulma proseslərinin unikal kadrları yer alır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ