Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Günəş sisteminin daxili hissəsində səkkiz il davam edən uçuşdan sonra tarixdə ilk dəfə eyni vaxtda iki kosmik aparat Merkuri ətrafındakı orbitə daxil olub. Onların qarşısında Günəş sisteminin ən kiçik planetinin bir sıra sirlərini açmaq vəzifəsi dayanır.
"BepiColombo" missiyası çərçivəsində alimlərin uzun müddətdir gözlədikləri siqnal Yerə 100 milyon kilometrdən çox məsafədən göndərilib.
Dəyəri 1,6 milyard avro olan "BepiColombo" missiyası Avropa və Yaponiya tərəfindən hazırlanmış iki kosmik aparatdan - "Mercury Planetary Orbiter" və "Mercury Magnetospheric Orbiter"dən ibarətdir.
Hazırda aparatları birləşdirən sistem bütöv vəziyyətdədir. Lakin dekabrın 9-da onlar bir-birindən ayrılaraq Merkuri ətrafında ayrı-ayrı orbitlərə çıxacaqlar.
2018-ci ildə kosmosa buraxılan zondlar planetin elmi tədqiqinə yalnız 2027-ci il aprelin 6-da başlayacaqlar. İki aparat fərqli müşahidə nöqtələrindən bir-birini tamamlayan məlumatlar toplayacaq. Bu isə Merkurinin bir çox sirrinin açılmasına kömək edəcək.
Yerə nisbətən yaxın olmasına baxmayaraq, Merkuri Günəş sisteminin ən az öyrənilmiş planetlərindən biri olaraq qalır. Alimlər ilk növbədə onun daxili quruluşunu araşdırmaq və nüvəsinin niyə bu qədər böyük olduğunu müəyyənləşdirmək istəyirlər. Planetin nüvəsi onun diametrinin təxminən 75 faizini təşkil edir.
Zondlar həmçinin Merkurinin maqnit sahəsini və planetin maqnitosferinin Günəş küləyi ilə qarşılıqlı təsirini öyrənəcəklər.
Alimlərin diqqət mərkəzində çoxsaylı kraterlər, vulkanik düzənliklər və hündürlüyü dörd kilometrə çatan dağlar da olacaq. Kraterlərin bəzilərində su buzu mövcuddur.
"BepiColombo" Merkuriyə çatmağı bacaran tarixdə üçüncü missiyadır. 1970-ci illərin ortalarında NASA-nın "Mariner-10" zondu planetin yaxınlığından üç dəfə keçib.
2011-ci ildə isə NASA-nın "Messenger" kosmik aparatı ilk dəfə Merkurinin orbitinə daxil olub və 2015-ci ilədək planeti tədqiq etdikdən sonra onun səthinə düşüb.
Beləliklə, "BepiColombo" Merkurinin orbitinə çıxan ikinci missiya olsa da, planetin eyni vaxtda iki kosmik aparat tərəfindən araşdırılmasını nəzərdə tutan ilk missiyadır.
\oxu.az