Kosmosda yeni əməkdaşlıq mərhələsi: Çin ilk dəfə xarici astronavtı orbitə göndərdi

25.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya elmi-texniki tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda kosmos artıq yalnız böyük dövlətlərin rəqabət meydanı deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndiyi strateji istiqamətə çevrilir. Yer kürəsindən kənarda elmi tədqiqatların aparılması, yeni texnologiyaların sınaqdan keçirilməsi və kosmik imkanların paylaşılması dövlətlər arasında münasibətlərin yeni ölçüsünü formalaşdırır. Çinin həyata keçirdiyi son kosmik missiya da bu baxımdan diqqətəlayiq hadisədir.

Associated Press agentliyinin məlumatına görə, Çin həmin gün Şençjou-24 (Shenzhou-24) pilotlu kosmik gəmisini üç astronavtla birlikdə kosmosa göndərib. Ekipajda iki Çin vətəndaşı – Tan Honqbo və U İ ilə yanaşı, Pakistan astronavtı Məhəmməd Zişan Əli də yer alıb. Bu uçuş Çin tarixində ilk dəfə xarici ölkə vətəndaşının ölkənin pilotlu kosmik proqramı çərçivəsində kosmik stansiyaya göndərilməsi ilə əlamətdar olub.

Kosmik gəmi ölkənin şimal-qərbində yerləşən Tsyütsüan peyk buraxılış mərkəzindən havaya qalxıb. Uçuşdan sonra raketdən uğurla ayrılan aparat nəzərdə tutulan orbitə daxil olub. Beləliklə, Çin öz kosmik proqramında yeni mərhələnin əsasını qoyub.

Hadisənin əhəmiyyəti yalnız bir astronavtın kosmosa göndərilməsi ilə məhdudlaşmır. Bu missiya iki ölkə arasında uzun müddətdir inkişaf edən strateji əməkdaşlığın elmi-texniki sahəyə də sirayət etdiyini göstərir. Çin və Pakistan arasında 2025-ci ilin fevralında imzalanmış razılaşma əsasında həyata keçirilən uçuş kosmik tədqiqatlarda tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm addımdır.

Pakistanın 40 yaşlı astronavtı Məhəmməd Zişan Əli Çinli həmkarları ilə birlikdə missiyada iştirak edir. Pakistanın Baş naziri Şahbaz Şərif bu hadisəni ölkəsi üçün qürur mənbəyi və gənclər üçün ilhamverici nailiyyət kimi qiymətləndirib. O, kosmik uçuşun iki ölkə arasındakı dostluq münasibətlərinin yeni sahəyə keçməsini ifadə etdiyini vurğulayıb.

Missiyanın elmi tərəfi də xüsusi maraq doğurur. Çinin rəsmi Sinxua agentliyinin məlumatına görə, ekipaj uçuş müddətində 90-dan çox elmi təcrübə və texnoloji sınaq həyata keçirəcək. Pakistanlı astronavt isə orbitdə fotosintetik sianobakteriyalarla bağlı təcrübədə iştirak edəcək. Bu tədqiqatlar kosmik mühitdə bioloji proseslərin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Müasir kosmik tədqiqatların əsas istiqamətlərindən biri də müxtəlif ölkələrin elmi potensialının birləşdirilməsidir. Çünki kosmosun öyrənilməsi böyük maliyyə, yüksək texnologiya, peşəkar kadrlar və uzunmüddətli elmi hazırlıq tələb edir. Bu sahədə əməkdaşlıq imkanlarının genişlənməsi təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə bəşəriyyətin elmi biliklərinin zənginləşməsinə xidmət edə bilər.

Çinin bu missiyası göstərir ki, kosmik proqramlar artıq yalnız milli nüfuz və texnoloji üstünlük məsələsi deyil. Onlar həm də dövlətlər arasında elmi əlaqələrin, qarşılıqlı etimadın və gələcəyə hesablanmış tərəfdaşlığın mühüm platformasına çevrilir.

Nurəngiz Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью