“KQB də hamımız günahkarıq” KONKRET

03.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

37 il əvvəl – 1989-cu il noyabrın 2-də – sovet televiziya tamaşaçıları gözlərinə inanmadılar. İlk dəfə idi ki, KQB rəhbərliyinin yüksək vəzifəli nümayəndələri canlı efirdə ən kəskin və narahatedici sualları cavablandırırdılar.

SSRİ Mərkəzi Televiziyasının Birinci kanalında, ən çox izlənilən efir vaxtında “Rezonans” verilişinin qeyri-adi buraxılışı yayımlandı. Verilişin aparıcısı Mərkəzi Televiziyanın siyasi icmalçısı Vladimir Tsvetov idi.

KQB-nin beş yüksək vəzifəli əməkdaşı təxminən bir saat yarım ərzində tamaşaçıların telefon zəngləri ilə ünvanladıqları sualları cavablandırdı. Əvvəlcədən yazılmış suallar da efirdə səsləndirildi. Yayımdan bir gün əvvəl televiziya studiyası beş saat ərzində zəng edərək sual vermək istəyən tamaşaçıları qəbul etmişdi.

Zənglər arasında kifayət qədər maraqlı suallar da vardı. Məsələn, Leninqraddan olan məktəbli Svetlana Matveyenko çekistlərin Ceyms Bond obrazındakı kimi – superqəhrəman və qadınları asanlıqla özünə cəlb edən cazibədar casuslar arasından seçilib-seçilmədiyini soruşmuşdu.

“KQB general-mayoru Anatoli Bondarev cavabında bildirdi: “Agent 007 yazıçı təxəyyülünün məhsulundan başqa bir şey deyil. Biz də dünyanın əksər xüsusi xidmət orqanları kimi əməkdaşlarımızı tamamilə fərqli prinsiplər əsasında seçirik”.

KQB-nin Andrey Saxarov, Aleksandr Soljenitsın və İosif Brodskiyə qarşı təqiblərində iştirak etmiş konkret əməkdaşların hər hansı cəzaya məruz qalıb-qalmadığı barədə sual da səsləndirildi.

Polkovnik Aleksandr Kurbanov bu suala belə cavab verdi:

“Bütün bu hərəkətlər o vaxt qüvvədə olan qanunvericiliyə uyğun şəkildə həyata keçirilirdi. Buna görə də indi ayrı-ayrı şəxslərin məsuliyyətindən danışmağın heç bir mənası yoxdur. KQB-yə gəlincə isə, təbii ki, hamımız günahkarıq”.

Verilişin canlı yayımlanmasına şübhə ilə yanaşan tamaşaçılardan biri aparıcıdan bunu sübut etməsini istədi.

“Bunu necə sübut edə bilərəm?” – deyə Tsvetov soruşdu.

“Qalstukunuzu düzəldin!” – telefonun digər ucundan cavab gəldi.

Aparıcı gülümsəyərək qalstukunı düzəltdi. Verilişin sonunda isə qonaqlarının pencəklərinin yaxasına iri hərflərlə “KQB AGENTİ” yazılmış kooperativ nişanlar taxdı.

Vladimir Tsvetov sonradan “İzvestiya” qəzetinə müsahibəsində KQB rəhbərlərini verilişə dəvət etmək ideyasının necə yarandığını belə xatırlayırdı:

“KQB rəhbərlərini öz verilişimə dəvət etmək fikri qəfildən, özü də evdə ağlıma gəldi. Bir vərəq götürüb məktub yazdım. Şəxsi adımdan. İki həftə sonra mənə zəng edərək məktubun çatdığını bildirdilər. Bir qədər sonra isə ideyanı KQB sədri də bəyəndi”.

Bunun ardınca jurnalistlərdən ibarət bütöv bir qrup Lubyankaya – KQB-nin baş qərargahına yollandı. Üstəlik, həmin qrupun üzvləri əsasən qadın jurnalistlər idi.

Onların arasında “Gecəyarısına qədər və sonra” proqramının müxbiri İrina Zaytseva da vardı. Onun hazırladığı telematerial 1989-cu il dekabrın 23-də efirə çıxdı.

Həmin jurnalist qrupunda sonralar Rusiya televiziyasının tanınmış simalarına çevriləcək Tatyana Mitkova və Yelena Xanqa da yer alırdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью