Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçirilib.
İki gün davam edən tədbirdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktual məsələlərinə dair maraqlı təqdimatlar edilib.
Regional seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının department direktorunun müavini Dimiter Qançevin “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzə edib.
O, yaradıcı sektorun müxtəlif məsələlərinə toxunaraq kreativ sənaye tədqiqatlarının təkamülü, qurumun metodologiyası, kreativ dəyər zənciri haqqında ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, yaradıcı sənayelər iqtisadiyyatın mühüm sektorlarından biridir və ümumi daxili məhsula və məşğulluğa əhəmiyyətli töhfələr verir.
D.Qançev statistik göstəriciləri təqdim edib və bu statistik göstəricilərin yaradıcı sənayelər və kreativ iqtisadiyyat üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Beynəlxalq təşkilatın nümayəndəsi Rimantas Vaicenavicius “Müəllif-hüquq sənayesi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının çərçivəsində” mövzusunda təqdimatında məşğulluq və beynəlxalq ticarətə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb və sahə üzrə əsas indikatorları təhlil edib.