Kredit borcu olanlar üçün təhlükə: Artımın səbəbi nədir?

29.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 754,3 milyon manat təşkil edib. Bu göstərici sentyabrın 1-i ilə müqayisədə 4,5%, ilin əvvəlindən isə 43,8% artıb.

Bəs bu kəskin artımın səbəbi nədir? Problemli kreditlərin azalması üçün bank sisteminin siyasətində dəyişiklik olmalıdırmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, artımın bir neçə səbəbi var.

Onun sözlərinə görə, birinci səbəb inflyasiyadır:

"İnflyasiyanın, xüsusilə ərzaq inflyasiyasının yüksək olması əhalinin real gəlirlərinə təsir edir. Vətəndaşın xərcləri artır, krediti ödəməkdə çətinlik çəkir.

İkinci səbəb isə faizlərin yüksək olmasıdır. Mərkəzi Bank hesab edir ki, faiz yüksək olanda vətəndaş daha ehtiyatlı borc götürür. Amma mən fərqli düşünürəm. Həm inflyasiyanın yüksəlməsi, həm də faizlərin artımı borca xidməti çətinləşdirir".

Xalid Kərimli: İnflyasiyanın yüksəlməsi, faizlərin artımı borca xidməti çətinləşdirir

X.Kərimli kreditlərin həddindən artıq əlçatan olmasının da problem yaratdığını vurğulayıb. 

"Riskli müştəri qruplarına, xüsusilə kiçik məbləğli kreditlərin daha əlçatan şəkildə təqdim edilməsi, onlayn və rəqəmsal kreditlər, mağazalardan alış-verişin bir kliklə kreditləşməsi kredit götürməyi rahatlaşdırır. Əvvəlki kimi günlərlə sənəd aparmırsan, telefonla bir kliklə kredit gəlir. Bunun özü də problemli kreditlərin artmasına təsir edir", - deyə iqtisadçı vurğulayıb.

Müsahibimiz hesab edir ki, iqtisadiyyatda gəlirlərin artım tempinin aşağı düşməsi də problemli kreditləri artırır:

"Nominal ifadədə 7,2% artım deyilsə də, faktiki olaraq son dövrlər ticarət sektorunda, real sektorda ləngimə müşahidə olunur. İnsanlar gəlir əldə etməkdə çətinlik çəkirlər".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью