Kredit borcuna görə maaşdan nə qədər tutula bilər? Açıqlama

28.08.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kredit və digər borc öhdəliklərinin vaxtında yerinə yetirilməməsi hallarında məhkəmə qərarından sonra borcun əməkhaqqından, pensiyadan və digər gəlirlərdən tutulması mümkündür.
Bəs kredit və digər borc öhdəlikləri üzrə məhkəmə qərarı olduqda şəxsin əməkhaqqından və ya pensiyasından tutulma hansı hallarda həyata keçirilə bilər? Borclunun gəlirlərindən 50 faizədək tutulma hansı hallarda mümkündür və qanunvericilikdə hansı istisnalar nəzərdə tutulur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı bildirib ki, kredit və digər borc öhdəlikləri üzrə məhkəmə qərarı qəbul edildikdən və həmin qərar əsasında icra sənədi verildikdən sonra borcun məcburi qaydada tutulması mümkündür.
Onun sözlərinə görə, bu zaman tələb borclunun əmlakına, bank hesablarındakı vəsaitinə, eləcə də qanunvericiliyin yol verdiyi hallarda əməkhaqqına, pensiyasına və digər gəlirlərinə yönəldilə bilər:
““İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulmaların məbləği bir qayda olaraq, 50 faizdən çox ola bilməz. Bir neçə icra sənədi olduqda da borclunun qazancının ən azı 50 faizi onun sərəncamında qalmalıdır.
Əmək Məcəlləsinin 175 və 176-cı maddələri də əməkhaqqından tutulmaların hüquqi əsaslarını və hədlərini müəyyən edir. Ümumi qaydada əməkhaqqından tutulmalar işçinin yazılı razılığı və ya qanunvericilikdə nəzərdə tutulmuş icra sənədi əsasında həyata keçirilə bilər. Əmək Məcəlləsində ümumi tutulma həddi 20 faiz müəyyən edilsə də, qanunvericilikdə nəzərdə tutulan hallarda bu hədd 50 faizə qədər ola bilər.
Bu qaydalar pensiyaya da şamil olunur. “İcra haqqında” Qanunun 65.4-cü maddəsi tələbin borclunun pensiyasına yönəldilməsi zamanı da həmin maddədə nəzərdə tutulan qaydaların tətbiqini müəyyən edir. Buna görə, məsələn, kredit borcu barədə qüvvəyə minmiş məhkəmə qərarı və müvafiq icra sənədi varsa, tələb pensiyaya yönəldilə və qanunla müəyyən edilmiş hədlər daxilində tutulma həyata keçirilə bilər.
Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 39.3-cü maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulma pensiyaçıya ödənilməli olan əmək pensiyası və əlavəsinin 50 faizindən artıq ola bilməz. Yəni 50 faiz avtomatik tutulmalı məbləğ deyil, qanunvericiliyin müəyyən etdiyi yuxarı həddir. Konkret tutulma məbləği icra sənədindən və icraatın hallarından asılı olaraq müəyyən edilir.
Burada mühüm bir istisna da var. Aliment, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində dəymiş zərərin və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı icra sənədlərində 50 faizlik ümumi məhdudiyyət tətbiq edilmir və tutulma 70 faizə qədər çata bilər.
Ona görə də vətəndaşlara tövsiyə edərdim ki, əməkhaqqından və ya pensiyasından tutulma aparıldıqda yalnız tutulma faktına deyil, onun hansı icra sənədinə əsaslandığına, tutulmanın faizinə və qanunla müəyyən edilmiş həddə riayət olunub-olunmadığına da diqqət etsinlər”, - deyə Vüsalə Muradxanlı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью