“Kredit əldə etməyin qaydaları sərtləşdirilməlidir” AÇIQLAMA KONKRET

25.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda vaxtı keçmiş problemli kreditlərin həcmi yenə artmaqda davam edir. Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son 1 ildə isə 42,8 % artıb.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, problemli kreditlərin artmasının əsas səbəbi ilk növbədə tək gəlir qaynağına, xüsusi ilə də əmək haqqına güvənilərək götürülən kreditlərdən qaynaqlanır.

O bildirib ki, bununla belə istehlakçı məsuliyyətsizliyi də səbəblər sırasındadır: “Düşünülə bilinər ki, şəxsin bir çox gəlir yeri varsa, nə üçün kreditə müraciət etsin ki? Ancaq hesablamaq lazımdır ki, ümumi gəlir və ya ailə büdcəsinin ümumi məbləği hər hansısa bir hal olduqda həmin krediti ödəməyə kifayət edəcəkmi? İkinci bir məsələ isə şəxsi müşahidə etdiyim vətəndaş məsuliyyətsizliyidir. Məsələn, şəxs sosial şəbəkə hesabında paylaşır ki, işdən ayrıldım və ya gecikməm var. Anonim hesabla bir çox şəxslər “məsləhət” verir, “ödəmirəm, adıma heçnə yoxdur, nə edirlər, etsinlər”, “bank yüksək faizlə verib, faiz haramdır” kimi fikirlər səsləndirilir. Bu tip paylaşımlar, rəylər isə saysız-hesabsızdır. Vətəndaş tam məsuliyyəti ilə dərk etməlidir ki, bankın da öhdəlikləri var, şəxsə məcburi imza atdırılmayıb, o öz iradəsi ilə müraciət edib. Düşünürəm ki, qaydalar dəyişmədikcə qarşısını almaq mümkün deyil. Əvvəlki illərdə hətta 15-20 il əvvəl kiməsə borc lazım olduqda yaxınlarına müraciət edirdi. Qaytarılmayan, qohum-qonşudan ayıbdır deyə istənilməyən borclar artıq vətəndaşları banklara yönləndirdi. Orta yaşlı insanlar üçün borca görə kimisə şikayət etmək ayıbdır. Nəticədə insanların inamı, etibarı öldüyü üçün növbəti dəfə artıq kimsə kimsəyə borc vermir. Banka yönəldikdə isə problemli kreditlərin həcmi artır. Problemli kreditlərin artmasının digər səbəbi isə, məsələn, şəxs vəfat edir, vəfatından sonra məlum olur ki, həmin şəxsin banka borcu var, övladları mirası qəbul etdikdə borc ona ötürülür, mirası qəbul etmədikdə isə artıq bankda bu problemli kreditlərin artmasına şərait yaradır. Bu səbəbdən sığorta məcburi olmalıdır, çünki bankın da bir öhdəliyi var. Müəyyən məbləği Mərkəzi Bankdan götürür, üzərinə faiz əlavə edərək vətəndaşa kredit verir. Orada çalışan şəxslər, onların əməkhaqları, bankın saxlanılması üçün xərclər var”.

Ekspert düşünür ki, qaydaların sərtləşdirilməsi problemin həll yolu ola bilər: “1000 manatdan yuxarı kreditlər üçün daşınar və ya daşınmaz əmlakın girov qoyulması, sığortanın məcburi olması problemi müəyyən qədər həll edər. Düşünürəm ki, problemli kreditlərin həlli üçün sosial sığortalar məcburi olmalıdır. Şəxs bankdan kredit götürdükdə məcburi olaraq sığortalamalıdır bu kimi problemlər aradan qaldırılsın. Bankların faiz məsələsinə də toxunmaq istəyərdim. Düşünürəm ki, faiz həcminin aşağı endirilməsi, iqtisadiyyatda pulun dövr etmə sürətinə, qeyri-neft sektorunun, xüsusi ilə də özəl sahibkarlığın inkişafına dəstək göstərəcək. Ölkədə ideyası olan gənclər saysız hesabsızdır. Həmin gənc yüksək faiz, obyektin icarəsi, işinin əmək haqqı, vergi ödənişləri, komunal və s digər ödənişlərin qarşılığında nə qədər marja əldə edə bilər ki? Onun üçün də ya ilk 3 il faizsiz kredit verilməli, ya da vergi, DSMF ödənişlərindən müəyyən müddət güzəşt olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью