Kredit götürənlərə daha bir sürpriz

15.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirilib.

Qeyd olunub ki, bununla bağlı normativ dəyişikliklər hazırlanır və banklara kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi ilə bağlı tələblərin müəyyənləşdirilməsi planlaşdırılır.

Bildirilib ki, əsas məqsəd iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır. Yeni mexanizm çərçivəsində işsizliyin müxtəlif səbəbləri ilə bağlı sığorta təminatının nəzərdə tutulduğu qeyd edilib.

Bu tədbirlərin bank sektorunda problemli kreditlərin artım riskinin azaldılmasına xidmət edəcəyi gözlənilir.

Bank kreditləri üzrə işsizlikdən sığortanın məcburi tətbiqi kredit götürən şəxslərin sayına necə təsir göstərəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bir neçə ay əvvəl bu məsələ ilə bağlı ictimaiyyətə məlumat verilmişdi ki, kredit götürən şəxslər işsizlikdən sığortalanacaqlar:

“Lakin həmin vaxt bunun məcburi olacağı qeyd edilməmişdi. Əgər bu sığorta növü məcburi tətbiq ediləcəksə, deməli, müvafiq qanuna dəyişiklik edilməli və bu məqam qanunda öz əksini tapmalıdır.

Əslində, bu addım bankların kredit risklərini azaltmaqla yanaşı, sığorta şirkətlərinin biznes imkanlarını da genişləndirəcək. Azərbaycanda könüllü sığorta növləri, bir qayda olaraq, geniş yayılmayıb.

Sığorta şirkətlərinin əsas portfelinə baxanda görürük ki, burada icbari sığortalar üstünlük təşkil edir. Mən işsizlikdən sığortanın da məcburi edilməsini düzgün hesab etmirəm.

Bank özü kredit verərkən belə bir sığorta tələb edə bilər, amma bunun mütləq şəkildə icbari olması ilə bağlı əsas görmürəm. Hesab edirəm ki, bu, könüllü olmalıdır.

Bu sığortanın məcburi tətbiqi kredit götürmək istəyənlərin sayını azaltmaya bilər, amma onların xərclərini artıracaq. Vətəndaş həm kreditə görə faiz ödəməli, həm də sığorta şirkətinə ödəniş etməli olacaq. Çox güman ki, bu ödəniş illik əsasda nəzərdə tutulacaq və vətəndaş hər il sığorta haqqı ödəməli olacaq”.

Onun sözlərinə görə, xarici təcrübədə bu sığorta növü, əsasən, könüllü xarakter daşıyır:

“Azərbaycanda tətbiq ediləcəyi təqdirdə isə müəyyən şərtlərin qoyulması mümkündür. Məsələn, sığortadan yararlanmaq istəyən şəxsdən ən azı altı ay işləməsi və ya müəyyən iş stajına malik olması tələb edilə bilər.

Çünki əks halda, vətəndaş bir-iki ay işlədikdən sonra kredit götürə, daha sonra isə işdən ayrıla bilər. Bu baxımdan, sığortadan yararlanmaq üçün konkret meyarların müəyyənləşdirilməsi mümkündür. Belə şərtlər isə öz növbəsində kredit götürmək istəyən şəxslərin dairəsini məhdudlaşdıra bilər”.

Ekspert qeyd edib ki, digər mühüm məqam ondan ibarətdir ki, vətəndaşlar bu sığortanın bütün kredit müddəti ərzində ödənişləri qarşılayacağını düşünməməlidirlər:

“Xarici təcrübədə də sığorta şirkətləri, bir qayda olaraq, kredit ödənişlərini yalnız müəyyən müddət ərzində öz üzərlərinə götürürlər. Məsələn, vətəndaş üç il müddətinə 10 min manat kredit götürürsə və bir müddət sonra işini itirirsə, bu, sığorta şirkətinin kreditin qalan üç ilinin bütün ödənişlərini qarşılayacağı anlamına gəlmir.

Çox güman ki, burada da müəyyən müddət məhdudiyyəti olacaq. Məsələn, sığorta şirkəti altı ay və ya maksimum bir il ərzində ödənişləri qarşılaya bilər.
Həmin müddət başa çatdıqdan sonra isə vətəndaşdan yenidən iş axtarması və məşğulluğunu təmin etməsi gözləniləcək.

Bununla belə, yekun qərar və qanunvericilikdə nəzərdə tutulan şərtlər açıqlanmalıdır ki, bu mexanizmin necə işləyəcəyi və vətəndaşlara hansı öhdəliklər yaradacağı dəqiq bilinsin”.

Gülər Həsənli
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью