Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son dövrlər onlayn kredit platformaları ilə bağlı vətəndaş şikayətlərinin sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Fərdi məlumatların üçüncü şəxslərin əlinə keçməsi və vətəndaşların xəbəri olmadan adlarına kredit rəsmiləşdirilməsi ilə bağlı iddialar xüsusilə diqqət çəkir.
Növbəti belə şikayət KONKRET.az-ın redaksiyasına ünvanlanıb. Bu dəfə vətəndaş Budaqov Kamandar Camal oğlu “Azpul” mikromaliyyə təşkilatından şikayətçi olub.
Vətəndaş bildirib ki, “Azpul” mikromaliyyə təşkilatından 90 manat məbləğində kredit götürmək üçün müraciət edib və tələb olunan bütün mərhələləri yerinə yetirib. Şikayətçinin sözlərinə görə, prosesin sonunda ona link göndərilib. Lakin həmin linkə daxil olmayıb və vəsaiti qəbul etməyib. Buna baxmayaraq, sonradan məlum olub ki, onun adına kredit rəsmiləşdirilib və üzərinə faizlər hesablanıb.
Kamandar Budaqov iddia edir ki, kreditlə bağlı göstərilən kart nömrəsi özünə məxsus deyil və o, heç bir kart məlumatı təqdim etməyib.
Şikayətçi qeyd edib ki, vəsaiti başqa şəxs götürüb, lakin ödəniş və faiz borcu onun adına yazılır. Vətəndaşın sözlərinə görə, “Azpul” tərəfindən ona zənglər edilir və borcunun olduğu bildirilir. Qaynar xəttə müraciət etsə də, əlaqə saxlaya bilmədiyini deyir.
Problemlə bağlı “Azpul”MMC ilə əlaqə saxladıq. Kredit təşkilatından KONKRET.az-a bildirildi ki, Kamandar Budaqovun adına kredit rəsmiləşdirilib. Şirkətin açıqlamasına görə, kredit vətəndaşın şəxsiyyət vəsiqəsi əsasında verilib və sistemdə onun video müraciəti də mövcuddur. Bildirilib ki, müraciətdə “Azpul”dan kredit verilməsi xahiş olunur və hazırda kredit üzrə 18 günlük gecikmə mövcuddur.
Kart nömrəsinin şikayətçiyə məxsus olmaması ilə bağlı suala cavab verən “Azpul” rəsmisi hadisədə dələduzluq ehtimalının mümkünlüyünü diqqətə çatdırıb.
Qeyd edilib ki, belə hallarda fərdi məlumatlar üçüncü şəxslər tərəfindən ələ keçirilir və həmin məlumatlardan istifadə edilərək müştərinin adına, lakin başqa kartlar vasitəsilə kredit götürülür.
Müşviq Tofiqoğlu
KONKRET.az