Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda sahibkarların kredit müraciətləri poçt operatorları vasitəsilə qəbul ediləcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakıda keçirilən "Biznesdə Gənclər Proqramı - Qafqaz" tədbirində bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum son üç ildə sahibkarların bank xidmətlərindən istifadəsinin asanlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib:
"Bu istiqamətdə rəqəmsallaşmanın təşviqi və tənzimləyici tədbirlərlə yanaşı, bir neçə mühüm yeniliyi də qeyd etmək istərdim. Xüsusilə agent bankçılığın əhəmiyyətini vurğulamaq istərdim.
Bu yanaşma banklara kredit müraciətlərinin qəbulunu milli poçt operatoru, bank olmayan kredit təşkilatları, ödəniş və elektron pul təşkilatları vasitəsilə həyata keçirməyə imkan verir.
Nəticədə bank filiallarından uzaq məsafədə fəaliyyət göstərən sahibkarların kreditə əlçatanlığı artır.
Bununla yanaşı, AMB davranış əsaslı kreditləşmə yanaşmasının tətbiqinə başlayıb. Bu yanaşma həm istehlak, həm də mikrokreditləşməni əhatə edir".
Süni intellektin və müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə, sahibkarların kredit müraciətlərinin poçt operatorları vasitəsilə qəbul edilməsinə nə dərəcədə ehtiyac var?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, Mərkəzi Bankın son illərdəki fəaliyyəti maliyyə sektorunda müsbət institusional dəyişikliklər yaradıb:
“Belə ki, Azərbaycan Mərkəzi Bankının 2022-ci ildən sonrakı fəaliyyətini müsbət qiymətləndirmək üçün kifayət qədər əsaslar var.
Xüsusilə Taleh Kazımovun rəhbərliyi dövründə maliyyə sektorunun müasirləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi, ödəniş infrastrukturunun təkmilləşdirilməsi və bank xidmətlərinin əlçatanlığının artırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirilib.
Mən Mərkəzi Bankın son illərdəki fəaliyyətində təşəbbüskar və inkişafyönümlü yanaşmanı xüsusi qeyd etmək istərdim. Çünki maliyyə sektorunun inkişafı yalnız bank fəaliyyətinə nəzarətlə məhdudlaşmamalıdır.
Eyni zamanda bazarda rəqabətin gücləndirilməsi, innovasiyaların təşviqi və yeni maliyyə xidmətlərinin formalaşdırılması da vacibdir.
Açıq bankçılıq, ani ödəniş sistemləri, rəqəmsal maliyyə xidmətləri və agent bankçılığın inkişafı bu baxımdan müsbət addımlardır. Son açıqlanan təşəbbüslərdən sahibkarların kredit müraciətlərinin milli poçt operatoru vasitəsilə qəbul edilməsi də diqqətəlayiqdir.
Bu mexanizm xüsusilə regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyə xidmətlərinə çıxışını asanlaşdıra bilər.
Poçt infrastrukturunun maliyyə xidmətlərinə cəlb edilməsi mövcud imkanlardan daha səmərəli istifadə olunmasına və maliyyə inklüzivliyinin genişlənməsinə şərait yarada bilər”.
Onun sözlərinə görə, digər mühüm məsələ rəqəmsallaşmadır:
“Nağdsız ödənişlərin genişlənməsi, bank əməliyyatlarının elektronlaşdırılması və beynəlxalq standartlara uyğun ödəniş infrastrukturunun qurulması maliyyə sistemimizin institusional inkişafına töhfə verir.
Bu proses həm əməliyyat xərclərinin azalması, həm də maliyyə əməliyyatlarında şəffaflığın yüksəlməsi baxımından əhəmiyyətlidir. Təbii ki, qarşıda həllini gözləyən məsələlər də var.
Xüsusilə sahibkarlar üçün kredit faizlərinin əlçatanlığı, girov təminatı tələbləri, regionlarda biznesin maliyyələşdirilməsi və bank sektorunda rəqabətin gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Çünki rəqəmsal imkanların genişlənməsi son nəticədə real sektorun maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıdır”.
Ekspert qeyd edib ki, Mərkəzi Bankın 2022-ci ildən sonrakı fəaliyyətinin əsas müsbət cəhətlərindən biri maliyyə sektorunda yeni inkişaf istiqamətlərinin formalaşdırılması və müasir texnologiyaların tətbiqinə verilən diqqətdir:
“Bu fəaliyyətin davamlı olması, yeni təşəbbüslərin real iqtisadi nəticələrlə müşayiət edilməsi xüsusilə vacibdir. Ümumilikdə, Mərkəzi Bankın son illərdə həyata keçirdiyi institusional yenilənmə və modernləşmə siyasətini müsbət qiymətləndirirəm.
Hesab edirəm ki, bu istiqamətdə görülən işlər Azərbaycanın maliyyə sisteminin daha çevik, rəqabətqabiliyyətli və əlçatan olmasına xidmət edir.
Növbəti mərhələdə əsas hədəf əldə olunan institusional və texnoloji imkanların sahibkarlığın, investisiyaların və qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməsi olmalıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Kredit Asif İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin