Kredit götürmək çətinləşir, bu ödənişlərə də baxılacaq DETALLAR

14.10.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sözügedən dəyişiklikləri Ölkə.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, artıq kredit verilən zaman təkcə rəsmi gəlirə baxılmayacaq, həm də vətəndaşın real ödəmə qabiliyyəti qiymətləndiriləcək:

Vətəndaşın kommunal və digər ödənişlərinə baxılacaq

"Sözügedən yeniliklər riskləri azaltmaq məqsədi daşıyır və bankların işini çətinləşdirir. Əvvəllər əməkhaqqına baxılır, borc-gəlir nisbəti müəyyən edilirdi. Bu nisbət 45%-ə qədər idisə kredit verilirdi. Amma indi təkcə borcalanın rəsmi gəlirinə yox, onun real ödənişlərinə və real ödəmə qabiliyyətinə baxılacaq. Bu öhdəliklər təkcə maliyyə institutu qarşısında deyil, digər orqanlar, şirkətlər qarşısında da ola bilər. Əsas nüans vətəndaşların daha çox yüklənməməsi, ikincisi isə kreditlərlə bağlı riskin aşağı enməsidir.

Bütün bu məlumatlar rəqəmsallaşdırılıb: vətəndaşın kredit ödənişləri, kommunal ödənişlər və s. Müəyyənləşdirilir ki, məsələn, bir şəxsin gəliri 1500 manat, amma ərzaq xərci 1800 manatdırsa, onun kredit ödəmə imkanları nrcədir. İstənilən halda kredit riskinin daha yaxşı idarə edilməsinə şərait yaradılacaq və vətəndaşların həddən artıq yüklənməsinin qarşısı alınacaq". 

Nisyə alınan mallarla bağlı məlumatlar toplanacaq

Elektronika və məişət texnikasının kreditlə əldə olunduğu şəbəkələrdə vətəndaşın borca münasibətdə davranışlarına gəldikdə isə ekspert qeyd edib ki, nisyə satış bazarında dataların inteqrasiyasına ehtiyac olacaq.  

Ekpertin sözlərinə görə, əsas davranış modelləri analiz ediləcək: "Əslində davranışa əsaslanan kreditləşmə keçən ildən tətbiq edilir. Banklar və bank tətbiqləri bizim davranışlarımıza görə bizə götürə biləcəyimiz kreditin həcmini müəyyənləşdirir. İndi isə bu proses rəsmiləşdirilir ki, banklar bütün fəaliyyətlərində bunu nəzərə alsın. Yəni vətəndaşın təkcə müştəri kredit reyestrində qeydə alınan borc öhdəliklərini yox, həm də bütün öhdəliklərini öyrənə bilsinlər. İndi vətəndaşın real gücünə baxılacaq. Yeni dəyişikliklərdə kreditlərin verilməsində bir qədər sərtləşmə hiss olunur. Belə ki, qaydalara əhatəliliyin gətirilməsi kredit almağı qismən çətinləşdirəcək. Eləcə də, kredit verməklə bağlı bankların işi çətinləşəcək". 

Zaminlərlə bağlı yeni tələblər qoyulur

X.Kərimlinin fikrincə, bir digər dəyişikliklə zaminə qoyulan tələb konkretdir: "Belə ki, zaminin borc yükü gəlirinə nisbətdə 70%-dən çox ola bilməz. Bu zaman zaminin özünün borcla yüklənməsinə baxılacaq. Nisbət 70%-dən yüksək olduqda, həmin şəxs zamin dura bilməyəcək.  Kredit götürən şəxs üçün borc-gelir nisbəti 45% olduğu halda, zamin üçün bu hədd 70%-dir. Həmçinin zaminin borc yükü 45%-dirsə, əlavə borc yükü daha 25%-dən artıq ola bilməz. Zamin, bir zamin tutaq ki, beş-altı dənə borca zamin dura bilməyəcək".

"Yeni tələblərlə kredit riskləri daha dəqiq müəyyənləşdiriləcək", - ekspert vurğulayıb. 

Könül Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью