Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR Borcu belə ödəyə biləcəklər

02.11.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda işsiz qalan vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi gözlənilir.

Yeni qaydalara əsasən, müəyyən şərtlər daxilində işini itirən şəxslərin kredit borcları tam və ya qismən sığorta hesabına ödənilə bilər. Bu mexanizmin həm borcalanların maliyyə yükünü azaltması, həm də bankların risklərini tənzimləməsi nəzərdə tutulur.

Bəs yeni sığorta mexanizmi vətəndaşlar üçün əlavə xərc yaradacaqmı və kredit faizlərinə necə təsir edəcək?

İqtisadi ekspert Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında bildirib ki, kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanması borcalanların maliyyə təhlükəsizliyi baxımından müsbət addımdır:

"Kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanması, ilk növbədə, borcalanların maliyyə təhlükəsizliyinin təmin edilməsi baxımından müsbət addımdır. Çünki insan kredit götürərkən gələcəkdə işini itirəcəyini və gəlirlərinin azalacağını əvvəlcədən hesablaya bilmir. Belə bir vəziyyətdə kredit öhdəliyi onun və ailəsinin üzərində əlavə maliyyə yükünə çevrilir. Sığorta mexanizmi isə müəyyən şərtlər daxilində bu yükü müvəqqəti olaraq vətəndaşın üzərindən götürə bilər. Bu, xüsusilə uzunmüddətli kredit götürən vətəndaşlar üçün əhəmiyyətlidir".

 

Ekspert sığorta haqqının yüksək olacağı təqdirdə vətəndaşlar üçün əlavə maliyyə yükü yaranacağını vurğulayıb:

"Lakin burada əsas məsələ sığortanın hansı şərtlərlə təqdim olunmasıdır. Sığorta haqqı yüksək olarsa, bu, kreditin ümumi xərcini artıracaq və vətəndaş üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, sığorta bütün işdənçıxma hallarını əhatə etməyə bilər. Məsələn, öz ərizəsi ilə işdən çıxan, əmək müqaviləsinə xitam verilən və ya qeyri-rəsmi çalışan şəxslərin bu təminatdan yararlanması mümkün olmaya bilər. Ona görə də sığorta müqavilələrində istisnalar və ödəniş şərtləri aydın göstərilməlidir".

Akif Nəsirli yeni mexanizmin bankların risklərini də azalda biləcəyini qeyd edib:

"Banklar üçün əsas risklərdən biri borcalanın gəlirini itirməsi və nəticədə kredit ödənişlərini həyata keçirə bilməməsidir. İşsizlik riskinin sığortalanması həmin riskin bir hissəsini sığorta şirkətlərinin üzərinə keçirəcək. Bu isə bankların problemli kreditlərlə bağlı risklərini azalda, kredit portfelinin keyfiyyətini yaxşılaşdıra bilər. Nəticədə banklar kredit verməkdə daha çevik davrana və müəyyən kateqoriyadan olan müştərilərin maliyyə resurslarına çıxış imkanları genişlənə bilər".

Ekspert kredit faizlərinin avtomatik aşağı düşəcəyini gözləməyin düzgün olmadığını bildirib:

"Bu mexanizmin kredit bazarına da müsbət təsirləri ola bilər. Ancaq bu mexanizmin kredit faizlərini avtomatik aşağı salacağını düşünmək düzgün olmaz. Çünki bankların faiz siyasətinə təkcə borcun qaytarılmaması riski deyil, həm də maliyyələşmə xərcləri, inflyasiya və digər amillər təsir göstərir. Əsas məsələ sığortanın formal xidmətə çevrilməməsi, vətəndaşların ödədikləri sığorta haqqının müqabilində real təminat əldə etməsidir. Mexanizm həm borcalan, həm bank, həm də sığorta şirkəti üçün balanslı qurularsa, kredit bazarında etimadı artıra və maliyyə risklərinin bölüşdürülməsinə kömək edə bilər".

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью