Kreditlər azalıb, yoxsa problemlər?

09.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Azərbaycanda problemli kreditlərin səviyyəsi regionda ən aşağı göstəricilərdən biridir”.

Bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin səviyyəsi region ölkələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir:

"Bəzi hallarda rəqəmlər portfelin ümumi artımı fonunda qiymətləndirilməlidir. Çünki kredit portfelinin həcmi 30,6 milyard manata yüksəlib. Portfel böyüdükcə problemli kreditlərin xüsusi çəkisində cüzi dəyişikliklərin müşahidə olunması təbii haldır. Bu, ümumi strukturun genişlənməsi ilə bağlıdır və təkbaşına mənfi dinamika kimi qiymətləndirilməməlidir".

O həmçinin qeyd edib ki, hüquqi şəxslərin depozitlərinin azalması iqtisadi aktivliyin və ÜDM-in azalması ilə bağlı deyil: 

"Qətiyyən belə bir əlaqə yoxdur. Hüquqi şəxslərin depozitlərində müşahidə olunan dəyişikliklər daha çox hesab qalıqlarının müəyyən tarixlər üzrə ölçülməsi ilə bağlıdır.

Müəyyən tarixlərdə iri həcmli ödənişlər həyata keçirildikdə, bu, müvəqqəti olaraq azalma kimi görünə bilər. Lakin sonrakı dövrlərə baxdıqda bu vəsaitlərin yenidən dövriyyəyə qayıtdığı müşahidə olunur. Ona görə də tək bir tarix üzrə göstərici ümumi trendi və ya real azalmanı tam şəkildə əks etdirmir".

Problemli kreditlərin digər ölkələrlə müqayisədə aşağı səviyyədə olması əhalinin və biznesin maliyyə durumunun yaxşılaşdığını göstərirmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, problemli kreditlərin dinamikası iqtisadiyyatın real vəziyyətini əks etdirən ən həssas göstəricilərdən biri hesab olunur:

“Problemli kreditlərin həcmi qonşu ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da, bu, vəziyyətin yaxşılaşdığı anlamına gəlmir. Əksinə, son illərin göstəricilərinə baxdıqda problemli kreditlərin artım tendensiyası nümayiş etdirdiyi görünür.

Bu isə həm əhalinin, həm də biznes subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşmasından deyil, müəyyən mənada pisləşməsindən xəbər verir. Məsələyə yalnız digər ölkələrlə müqayisə prizmasından yanaşmaq düzgün olmaz”. 

O qeyd edib ki, daha obyektiv qiymətləndirmə üçün ölkənin hazırkı vəziyyətini əvvəlki dövrlərlə müqayisə etmək lazımdır:

“Əgər bir neçə il əvvəl problemli kreditlərin payı daha aşağı idisə və bu gün nəzərəçarpacaq artım müşahidə olunursa, bu, maliyyə dayanıqlılığı baxımından narahatlıq doğuran siqnaldır.

Mövcud dinamika göstərir ki, vəziyyət hələlik yaxşılaşma mərhələsinə keçməyib və problemli kreditlərin artması iqtisadi subyektlərin maliyyə yükünün ağırlaşdığını göstərən göstəricilərdən biri kimi qiymətləndirilə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Kredit Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью