Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Kredit götürdüyümüz və ya depozit yerləşdirdiyimiz hər hansı bankın şərtləri ilə razılaşmadıqda bank təmsilçisi bizimlə imzalanmış müqaviləyə istinad edir və orda mövcud şərtlərin əks olunduğunu qeyd edir”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.
O bildirib ki, hüquqi baxımdan kredit təşkilatı haqlı görünə bilər:
“Xüsusən də nəzərə alaq ki, xırda istisnalarla heç kim imzalanma prosesində müqavilə şərtlərini oxumur. Bizdə müqavilə imzalanması prosesi daha çox formal texniki proseduru xatırladır: bank sizə kredit ayırır və siz də formallıq xətrinə kağızları imzalayırsınız. Kredit məhsulunun əsas sənədi olan müqavilənin imzalanması prosesi ən yaxşı halda 1-2 dəqiqə çəkir. Sabah da narazılıq yaşananda heç birimizin oxumadığı və evə gəlib sonra tapmaqda çətinlik çəkdiyimiz, yerə atacağımız müqaviləyə istinad edilir. Banklar bu məsələdə hüquqi baxımdan haqlı görünsələr də, əslində ədalətsizdirlər. Çünki müqaviləni öz istəklərinə uyğun tərtib edirlər”.
İqtisadçı bildirib ki, belə müqavilələrin şriftləri çox kiçik olur və oxumaq çətinliyi yaradır:
“İkincisi, müqavilə dili daha çox hüquqşünaslar üçün nəzərdə tutulur, sadə vətəndaş bunu anlamır. Üçüncüsü, müqavilə vətəndaşı yox, bankı qorumaq üçün nəzərdə tutulur. Yəni bir qayda olaraq müqavilələrin məzmunu bankların hüquqları, müştərilərin öhdəlikləri barədə olur. Ona görə də belə bir hüquqi sənəd heç bir halda müştəriyə şans vermir, bankları isə həmişə haqlı çıxarır. Bu gün maliyyə xidmətindən istifadə edən müştərilərin hüquqları demək olar ki, qorunmur. Çünki bunun üçün zəruri qanunvericlik bazası olsa da, təkmil deyil. Bəzi bank qanunvericiliyində müştərilərin hüquqlarına münasibətdə ayrı-ayrı elementlərə rast gəlmək olur. Ancaq hüququ pozulan müştəri bilmir ki, hansı qanuna müraciət etsin, hansı qanun əsasında bankla çəkişsin. Etiraf edək ki, bu gün maliyyə xidmətləri istifadəçilərinin hüquqlarının qorunması nə arzuolunan səviyyədədir, nə də münasib qanunvericilik aktı mövcuddur”.
S.Əliyev çıxış yolundan da söz açıb:
“Maliyyə xidməti depozit və kreditlə məhdudlaşmır. Bura sığorta xidmətləri, investisiya, ödəniş sistemləri və sair daxildir. Adı çəkilən xidmətlərin çeşidi və bazarı getdikcə daha da genişlənəcək. Deməli, istifadəçilərin sayı da analoji olaraq artacaq. Bu qədər istifadəçini “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanun və Mülki Məcəllə ilə qorumaq mümkün olmayacaq. Yeni qanunvericilik aktı – “Maliyyə xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarının qorunması barədə” Qanunun qəbulu çıxış yollarından biri ola bilər”.
Əliyar Xəlil
Globalinfo.az