Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ehtimalını istisna etmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri çərçivəsində apardıqları təmasları şərh edib.
O bildirib ki, sülhə nail olmağa yönəlmiş istənilən effektiv təşəbbüs bu istiqamətdə atılan kiçik bir addımdır:
“Şübhəsiz ki, az-çox təsirli olan istənilən təşəbbüs sülhə doğru kiçik bir addımdır. Bu kontekstdə Amerika danışıqlar aparan nümayəndələrinin sülhə nail olmaq səylərini həqiqətən yüksək qiymətləndiririk”.
Peskov qeyd edib ki, ABŞ nümayəndələri Kiyevdə keçirdikləri görüşlərin nəticələri barədə hələlik Rusiya tərəfinə məlumat verməyiblər.
Kremlin sözçüsü həmçinin Vladimir Putinlə Donald Tramp arasında bu məsələnin müzakirəsi üçün telefon danışığının baş tuta biləcəyini istisna etməyib.
Peskov əlavə edib ki, Moskva Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar formatının yenidən bərpasını istisna etmir, lakin bunun keçirilmə yeri və dəqiq tarixləri barədə danışmaq hələ tezdir.
Aytən Yaşar/ Turkustan.az