Kreml BMT Baş katibinin seçilməsi ilə bağlı şərh verib

21.04.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, 21 aprel, AZƏRTAC

Kreml Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin BMT Baş katibi vəzifəsinə mümkün namizədliyi ilə bağlı heç bir məsləhətləşmədə iştirak etməyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bu məsələ ilə bağlı suala cavab olaraq bildirib: “Xeyr, belə məsləhətləşmələr olmayıb”.

Peskov qeyd edib ki, hazırda bir çox ölkə namizədlik prosesi ilə bağlı intensiv məsləhətləşmələr aparır.

O əlavə edib ki, Rusiya bir çox potensial namizədi tanıyır və AEBA-nın baş direktoru Rafael Qrossi haqqında müsbət rəyə malikdir. “Cənab Qrossi haqqında çox yaxşı rəyimiz var. AEBA çərçivəsində məsələlər ilə bağlı daim əlaqə saxlayırıq”, - deyə Peskov qeyd edib.

Kremlin sözçüsü onu da bildirib ki, namizədlərlə bağlı məsləhətləşmələr asan olmayacaq. “Hazırda hər kəs çox mürəkkəb məsləhətləşmələrə qatılacaq və əlbəttə ki, biz də onlarda iştirak edəcəyik”, - deyə o qeyd edib.

BMT Baş katibi vəzifəsinə namizədlər üçün ictimai dinləmələr 2026-cı il aprelin 21-də başlayacaq və seçkilər iyul ayında keçiriləcək. Hazırkı Baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью