Kreml Cənubi Qafqazı hələ də öz ərazisi sayır Politoloq

03.02.2026

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Rusiya bu cür açıqlamalarla Cənubi Qafqazın hələ də özünün təsir dairəsində olduğu fikrini region ölkələrinin diqqətinə çatdırmağa çalışır. Eyni zamanda, bu mövqeyini bölgədə geosiyasi maraqları olan digər regional və qlobal güclərə də mesaj olaraq ötürür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Xarici İşlər Nazirliyinin Ermənistandakı hərbi bazanın bütün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında mühüm rol oynadığına dair bəyanatını şərh edərkən bildirib. 

Politoloqun sözlərinə görə, reallıqda vəziyyət fərqlidir:


"Rusiyanın hərbi varlığı Ermənistanın təhlükəsizliyi üçün xüsusi müdafiə və təhlükəsizlik elementi deyil. Əgər belə olsaydı, Ermənistan Rusiyanın nüvəsini təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurmazdı. Bu fakt özü göstərir ki, Ermənistan artıq perspektivdə öz müdafiə və təhlükəsizlik məsələlərini Rusiya və KTMT ilə əlaqələndirmir. Məhz bu məqam Moskvanı ciddi şəkildə narahat edir".

Natiq Mirinin fikrincə, Ermənistan Qərbdən təhlükəsizlik zəmanətləri aldıqca və regionda özünə yönəlmiş təhlükəsizlik risklərini azaltdıqca, gələcəkdə ölkədə yerləşən Rusiya hərbi bazasının və rus sərhədçilərinin çıxarılması məsələsi də gündəmə gələcək:

"Moskva bütün bunları bildiyi üçün bu cür açıqlamaların tonunu getdikcə sərtləşdirir. Eyni zamanda, dezinformasiya kampaniyalarının və müxalif şəbəkələrin dəstəklənməsinin şahidi olacağıq. İrəvan da bu ehtimalları bilir və öz hazırlıqlarını görür. Bu tip sərt açıqlamalar iyun ayına qədər davam edəcək".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın xarici siyasət kursu ilə bağlı açıq və sərt mövqe nümayiş etdirib. Həmin açıqlamada Rusiyanın Ermənistandakı hərbi bazası və sərhəd qoşunları Ermənistanın, eləcə də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında mühüm rol oynayan amillər kimi təqdim olunub. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью