Kreml danışıqlara yaşıl işıq yandırdı

26.10.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ərazi mübadiləsi məsələsinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki müzakirələrdə gündəmə gətirlə biləcəyini istisna etmir.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin nümayəndəsi mümkün razılaşmanın təfərrüatlarını ictimaiyyət qarşısında açıqlamağın düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu, gələcək sülh prosesinə zərər vura bilər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi mübadiləsini yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğu barədə bəyanatını şərh edən Peskov belə məsələlərin sülh nizamlanması cəhdləri çərçivəsində müzakirə mövzusu ola biləcəyini deyib.

O qeyd edib ki, tərəfləri çoxsaylı təfərrüatları əhatə edən ciddi danışıqlar gözləyir.

“Bu təfərrüatları açıq şəkildə müzakirə etmək istəməzdik. Çünki hesab edirik ki, bu, gələcəkdə mümkün ola biləcək sülh prosesinə zərər verər”, – deyə Kremlin sözçüsü bildirib.

Rusiya prezidentinin mətbuat katibi tərəflərin üçtərəfli danışıqları bərpa etmək barədə razılığa gəlməsindən sonra Voronej şəhərinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücuma da münasibət bildirib.

Peskovun sözlərinə görə, danışıqların bərpası barədə qərar hərbi əməliyyatların aparılmasına məhdudiyyət qoyulması demək deyil.

“Silahlı Qüvvələrimiz xüsusi hərbi əməliyyatı davam etdirir, Ukraynanın hərbi-sənaye və hərbi obyektlərinə, eləcə də hərbi fəaliyyətlə əlaqəli hədəflərə kütləvi zərbələr endirməkdə davam edir”, – deyə o bildirib.

Peskov əlavə edib ki, Kiyev də müvafiq fəaliyyətini davam etdirir.

Oktyabrın 27-də Aleşkidə planlaşdırılan müvəqqəti atəşkəsin cəbhənin digər istiqamətlərində də oxşar razılaşmaların əldə olunması üçün nümunəyə çevrilə biləcəyi barədə suala cavab verən Peskov bunun humanitar mülahizələr əsasında mümkün olduğunu deyib.

O, ABŞ tərəfinin və Prezident Donald Trampın xətti ilə fəaliyyət göstərən danışıqlar iştirakçılarının rolunu ayrıca vurğulayıb.

“Biz bu səyləri yüksək qiymətləndiririk”, – deyə Kremlin nümayəndəsi bildirib.

Peskovun sözlərinə görə, Aleşkidə əldə olunan razılaşma cəbhənin digər istiqamətləri üçün də presedent yarada bilər. O, Ukrayna tərəfinin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью