Kreml divarları yaxınlığında Qarabağ savaşı

08.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvada yaşayan soydaşımız Fərhad Ağamalıyev “ermənipərəst mərkəz”ə “həqiqət dərsi” keçmişdi

Uzun illər Moskvada mətbuat sahəsində çalışan tanınmış yazıçı-jurnalist Fərhad Ağamalıyev yaşasaydı, bu il 80 yaşını doğmaları və dostları ilə qeyd edəcəkdi. 14 il əvvəl onun Vətən sevgili ürəyi dayansa da, ünlü soydaşımız sevənlərinin ürəyində yaşayır.

Fərhad Ağamalıyev 1946-cı ildə Bakıda anadan olub. O, yeniyetmə ikən ailəsi Sumqayıta köçüb. Fərhad burada orta təhsil alıb. Rusiyada Sovet ordusunda hərbi xidmət keçdikdən sonra Sumqayıta qayıdaraq zavodlarda və mərkəzi klubda tərtibatçı rəssam kimi çalışıb. Şəhər qəzetinə məqalələr yazıb. Sonra tale yolları onu yenidən Rusiyaya aparıb. Moskvada Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunun ssenaristlik fakültəsini bitirib.

Əvvəlcə “Sovetski ekran” jurnalında redaktor, ardınca isə “Sovetskaya kultura” qəzetində şərhçi işləyən Fərhadın birbaşa təşəbbüsü ilə ötən əsrin 90-cı illərində Moskvada “Panorama Azerbaydjana” adlı ilk rusdilli qəzet işıq üzü görüb. Həmçinin onun sayəsində müasir milli mətbuat tariximizin Moskva bölümünə daha bir dəyərli səhifə əlavə olunub - “Şərq ekspresi” ictimai-siyasi jurnalı təsis edilib və Fərhad Ağamalıyev həmin nəşrin baş redaktoru kimi çalışıb.

O vaxtlar yenicə qızışmaqda olan Qarabağ münaqişəsinin səbəbləri və erməni separatizmi məhz həmin nəşrlərin səhifələrində tam açıqlığı ilə Rusiya ictimaiyyətinin diqqətinə çatdırılıb. Azərbaycan həqiqətləri, xüsusən də 1990-cı ilin qanlı 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, Ermənistanın Qarabağı ələ keçirmək niyyəti və bütün bunlarla bağlı gizli məqamların aşkara çıxarılması Fərhad Ağamalıyevin daşdan keçən arqumentlərlə, obyektiv jurnalist müşahidələri ilə zəngin olan publisistik məqalələrində əksini tapıb.

1993-2003-cü illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində mətbuat katibi və 1-ci katib diplomatik vəzifələrində çalışıb. Görkəmli jurnalist Rusiya Yazıçılar İttifaqının üzvü (1996) olub.

Bir sumqayıtlı kimi, onun özünü şəxsən tanımasam da, qardaşı Aydın Ağamalıyevlə dostluğum yarım əsrdən çoxdur ki, davam edir. Birlikdə Mehdi Hüseynzadə adına şəhər stadionunun boks zalında məşq etmiş, yarışlara qatılmışıq. Hələ o vaxtlar jurnalist olmaq istədiyimi bilən Aydın söhbətlərimiz zamanı mənə böyük qardaşı Fərhad haqqında danışar, kitablarını oxumağa verərdi.

Müəllifin Moskvada çapdan çıxmış “Bakılılıq” esselər toplusu onun diqqətçəkən əsərlərindəndir. “Ordubadın böyük vaxtları” və “Canalı üzərində ay” kitabları da rusdilli oxucular üçün əsl töhfə olub. Bu əsərlər onun səmimi vətənpərvərlik hisslərini ifadə edən yaradıcı irsinin layiqli nümunələridir. Kitablarda Ordubad və İsmayıllıdan, oraların tanınmışlarından, tarixi-dramatik hadisələrindən, nadir sənətləri və sənət adamlarından, adət-ənənələrindən və bir çox başqa mətləblərdən bəhs edilir.

İstedadlı qələm sahibinin müasir mövzuda yazılmış maraqlı detektiv-macəravari “Dalğaların astar üzü” romanı isə onun ölümündən sonra Moskvada nəşr olunub və diqqət çəkib. Bu əsər kriminal əhvalatlarla və süjet xəttinin gözlənilməz, amma əsas mövzudan yayınmayan kəskin dönüşləri ilə doludur: əgər insanın qəlbində mərhəmət, vicdan və ən başlıcası, sevgi varsa, o, hətta həyatın fırtınaları altında da davam gətirər, qalib gələ bilər. - Romanın aşıladığı başlıca qayə budur.

Fərhad Ağamalıyevin ədəbi ssenariləri əsasında Bakıda, Moskvada, Yekaterinburqda, Minskdə və digər yerlərdə bədii filmlər, dərin ictimai məzmuna malik sənədli ekran əsərləri ərsəyə gəlib. Çoxsaylı kitabları, kino ssenariləri, dram əsərləri ondan yadigar qalıb. Onun ssenariləri əsasında “Köhnə bərə”, “Qələbədən sonrakı məğlubiyyət”, “Uşaqlığın 17 yaşında”, “Heç nə istəməyən adam” bədii filmləri və bir neçə sənədli kinolent Bakı, Moskva, Yekaterinburq və Minsk kinostudiyalarında lentə alınıb. “Ox və hədəf” pyesi Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında uğurla tamaşaya qoyulub və uzun müddət repertuarda saxlanıb.

Fərhad Ağamalıyev doğma yurddan kənarda olmasına baxmayaraq, həmişə Azərbaycanı düşünüb. Onun peşəkar fəaliyyətinin qayəsini Vətən mövzusu təşkil edib. “Exo Sumqaita” – “Sumqayıtın əks-sədası” qəzeti ilə də sıx əlaqə saxlayıb, uzun zaman ədəbi-mədəni hadisələrin qəzet səhifələrində işıqlandırılmasında xüsusi fəallıq göstərib, hətta bir müddət rəsmən həmin qəzetin xüsusi müxbiri olub. 2006-cı ildə Moskvada onun tarixi-fəlsəfi “Vətənə qayıdış” essesi işıq üzü görüb. Həmin əsərində ictimai-siyasi formasiyanın dəyişməsi ilə əlaqədar postsovet məkanı xalqlarının taleyüklü qayğılarından bəhs olunurdu.

Tanınmış azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin sədri Abuzər Bağırov “Gəncə təəssübkeşi Fərhad Ağamalıyev” adlı məqaləsində yazır: “1987-ci il mart ayının 7-də Moskvanın tanınmış jurnalistləri arasında cəsarətinə, bacarığına, hamı ilə xoş münasibətlər yaratmaq qabiliyyətinə görə sayılıb-seçilən azərbaycanlı Fərhad Ağamalıyevin rahat, firavan həyatında özünün də ağlına gəlməyən səs-küylü əhvalat vaqe olub. O zaman həmyerlimiz Sov.İKP MK-nın orqanı “Sovetskaya kultura” qəzetində redaksiyanın tapşırığı ilə Nizami Gəncəvi ilə bağlı “Vətəndaşlıq” adlı yazı hazırlamış, orada qədim şəhərlərimizdən olan Gəncənin adının özünə qaytarılması təşəbbüsü ilə çıxış edərək cəsarətli addım atmışdı.

Lakin bu, Rusiyadan çox, Moskvada qıcıq yaratmaqdan qorxan ovaxtkı Azərbaycan rəhbərliyində mənfi reaksiya doğurmuşdu. Şikayətlər təşkil edilmişdi. Əlüstü qəzet kollektivinin ümumi iclası keçirilmiş və “siyasi səhv”ə yol verdiyinə görə Fərhad Ağamalıyev tutduğu vəzifəsindən uzaqlaşdırılmışdı. Qəzetin baş redaktoru Albert Belyayev iclasdan sonra Fərhadı kabinetinə çağırıb uzun-uzadı təskinedici söhbətin sonunda səmimi təəssüf hissilə demişdi:

“Əzizim Fərhad! Sən yüksək peşəkarlığınla, həm Şərq, həm Qərb mədəniyyətini dərin bilginlə, rus dilində səlis yazmağınla qəzetimizə, baş redaktor kimi şəxsən mənə çox lazımsan, amma neyləyə bilərəm, səni mən yox, sənin özününkülər çıxardırlar işdən, ordan tələb belədir”.

Fərhad Ağamalıyev həmin haqsız olaydan sonra işsiz-gücsüz qalmadı. Qısa “məcburi istirahət”in ardınca düz 10 il Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə rəhbərlik etdi. Eyni zamanda, Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktorluğu ilə rus dilində nəşr olunan “Baku” jurnalı ilə fəal əməkdaşlığa başladı, oxucuların maraqla qarşıladığı “Bakılılar” rubrikasının yaradıcısı və əsas yazarı oldu.

İstedadlı soydaşımız olan Fərhad Ağamalıyev 2012-ci ilin sentyabr ayında Moskvada vəfat edib və orada torpağa tapşırılıb. O vaxt Azərbaycan Mətbuat Şurası çoxillik xidmətləri olan görkəmli qələm sahibimizin vaxtsız vəfatını Azərbaycan jurnalistikası, o cümlədən ictimai fikri üçün böyük itki kimi dəyərləndirib.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью