Kreml Paşinyanı cəzalandırmağı TƏXİRƏ SALIR

11.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Moskvada növbəti sammiti keçirilir. Müzakirələrin gündəliyində KTMT-yə daxil olan ölkələrin 2030-cu ilə qədər terrorizmə qarşı birgə mübarizə məsələsi yer alsa da, diqqəti daha çox cəlb edən məqam Ermənistanın alyansda səsvermə hüququnun dondurulması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistanın KTMT-dən xaric olunacağı ilə bağlı məlumatlar yayılsa da, sonradan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu təkzib etdi. Ona görə də Ermənistana qarşı ən sərt tədbirin üzvlük haqqının ödənilməməsinə görə təşkilatda səsvermə hüququndan məhrum edilməsi və rəhbər orqanlarda fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Lakin bu ,Ermənistanın KTMT üzvlüyündən çıxarılması demək deyil.

Çünki üzv dövlətin KTMT-dən xaric edilməsi və ya könüllü çıxması alyansın nizamnaməsinin 19-cu və 20-ci maddələri ilə tənzimlənir. Həmin prosedurlara görə, təşkilata daxil olan ölkə könüllü şəkildə KTMT-dən çıxmaq hüququna malikdir. Lakin bunun baş verməsi üçün üzv dövlət altı ay öncə depozitariyə, yəni KTMT-nin ali orqanı olan Şuraya müraciət etməlidir. Ermənistan isə belə bir ərizə təqdim etmədiyinə görə üzvlük prosesini davam etdirmək niyyətindədir.

Digər tələblərə görə, üzv dövlət nizamnamə öhdəliklərini pozduqda KTMT sıralarından xaric edilə bilər. İndi isə Ermənistanın üzvlükdən çıxarılması məsələsinə baxılmır. Əslində, Rusiya özü də belə bir vəziyyətin yaranmasında maraqlı deyil. Çünki Moskva Ermənistanın xaric edilməsi ilə alyansda mərkəzdənqaçma prosesinin başlana biləcəyindən narahatdır. KTMT-nin sonuncu sammitində isə təşkilatın nizamnaməsinin 25-ci maddəsinin tələblərinin Ermənistan tərəfindən pozulması məsələsinə baxılır.

Həmin maddəyə əsasən, üzv ölkə təşkilatın büdcəsi qarşısındakı öhdəliklərini iki il ərzində yerinə yetirmədiyi təqdirdə, Şura borc tam ödənilənədək KTMT çərçivəsində kvota vəzifələrinə namizəd irəli sürmək hüququ dayandırılır. Eyni zamanda, üzv dövlət təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilir. Ermənistan da 2024-cü ilin fevral ayından KTMT-də fəaliyyətini dondurub və üzvlük haqqı ödəmir. Ona görə də təşkilatda sədrlik rotasiya qaydasında Ermənistana keçə bilməz.

Bundan başqa, Ermənistan nümayəndəsi təşkilatın Baş katibi, onun müavini postlarına və Şurada digər vəzifələrə namizəd ola bilməz. Lakin bütün bunlar Ermənistanı narahat etmir. Çünki rəsmi İrəvan 2019-cu ildə KTMT-nin Baş katibi Yuri Xaçaturovun barəsində cinayət işçi açıb və onu geri çağırıb. Son 7 ildə Ermənistan nümayəndəsi KTMT-də kvota vəzifələri tutmayıb. Bu cür qərarlar Nikol Paşinyan hakimiyyətinə alyansdan uzaqlaşmaqla müstəqil təhlükəsizlik və müdafiə siyasəti yürütmək üçün əlavə imkanlar yarada bilər. Baş nazir Nikol Paşinyan hazırda təhlükəsizliyin diversifikasiyasına üstünlük verir ki, bu da müqavilə-hüquq bazasında KTMT üzvü olaraq qalmaqla, Avropa İttifaqına inteqrasiyanı nəzərdə tutur. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Kreml Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью