Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qərb mediası Ukrayna ordusunun 17, 18 və 19 noyabr tarixlərində ardıcıl olaraq endirdiyi zərbələrdən sonra Kerç boğazı üzərindəki Krım körpüsünə dəyən ziyanı əks etdirən yeni rəngli peyk görüntülərini dərc edib.
“AzPolitika” xəbər verir ki, noyabrın 19-da çəkilmiş peyk fotolarında körpünün dəmir yolu xəttinin ən azı üç nöqtəsində ciddi dağıntıların yarandığı aydın görünür.
Görüntülərin təhlilinə əsasən, zərbələrdən biri körpünün salamat qalmış sonuncu tağının bərkidilmə nöqtələrindən birinə tuş gəlib və ciddi zədələnməyə səbəb olub.
Noyabrın 19-na keçən gecə endirilən növbəti zərbə nəticəsində ikinci hücumdan sonra qısa müddətə bərpa edilən dəmir yolu hərəkəti yenidən tamamilə dayandırılıb. Yerli vaxtla saat 16:00 radələrində isə qatarların körpünün yalnız bir xətti üzrə hərəkəti qismən bərpa olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı verdiyi açıqlamada Kerç boğazı üzərindəki körpüyə endirilən zərbələri Rusiya ordusunun Kiyevdəki körpülərə hücumlarına cavab adlandırıb.
Rusiya Prezidenti Vladimir Putin isə daha sonra çıxış edərək körpüdən hərbi məqsədlər üçün istifadə olunmadığını bir daha iddia edib. Putin bəyan edib ki, Krım körpüsünə edilən hücumlardan sonra Rusiyanın cavab tədbirləri Ukrayna üçün "çox daha ağrılı" olacaq.
“AzPolitika.info”