“Krım təcrid olunur“: Ukrayna Rusiyanın əsas təchizat yollarını sıradan çıxardığını bildirir“ ISW

12.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Ukrayna komandanlığı yarımadanın təcridinə doğru irəliləyir, bu, döyüş meydanında ciddi nəticələr doğura bilər..."

Ukrayna Silahlı Qüvvələri işğal altındakı cənub bölgələrində Rusiyanın logistika infrastrukturuna qarşı zərbələri gücləndirib. Son hücumlar Xerson vilayətindən Krıma gedən əsas quru marşrutlarının fəaliyyətini ciddi şəkildə çətinləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Krıma aparan yollar hədəfdə

Analitiklərin təhlilinə görə, Ukrayna qüvvələri işğal olunmuş Xerson vilayəti ilə Krım arasında yerləşən bir neçə mühüm körpünü vurub. Zərbələr Şimali Krım kanalı üzərindəki keçidlərə və Armyansk istiqamətindəki əsas avtomobil yollarına yönəlib.

Ukrayna tərəfi həmçinin Armyansk marşrutunda Rusiyaya məxsus yanacaq və sursat daşıyan onlarla hərbi yük maşınının məhv edildiyini bildirib. Məlumata görə, Rusiya daha əvvəl Çonqar körpüsünə endirilən zərbələrdən sonra logistikanın bir hissəsini məhz bu istiqamətə yönəldib.

"Krımı təcrid edəcəyik"

Ukraynanın pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") bildirib ki, son bir ay ərzində Rostov-Mariupol-Melitopol-Krım magistralı ilə hərəkət edən nəqliyyatın həcmi üçdə ikidən çox azalıb. Onun sözlərinə görə, Ukrayna Krımın təcrid olunmasına yönəlmiş planı sistemli şəkildə həyata keçirir.

Yaxın vaxtlarda yarımadanın əsas təchizat xətlərinə nəzarətin daha da gücləndirilməsi hədəflənir. Madyar qeyd edib ki, Ukrayna qüvvələri son aylarda Rusiyanın hava hücumundan müdafiə sistemlərinə də ciddi zərbələr endirib ki, bu da dron əməliyyatlarının effektivliyini artırıb.

Bu zərbələr düşmənin hücum əməliyyatlarına təsir edə bilər

ISW analitikləri hesab edir ki, Ukraynanın orta mənzilli zərbə kampaniyası Rusiyanın işğal olunmuş cənub ərazilərindəki təchizat imkanlarını zəiflədir. Ekspertlərin fikrincə, logistika marşrutlarının sıradan çıxarılması döyüş meydanında zəncirvari nəticələr yarada və Moskvanın gələcək hücum əməliyyatlarına hazırlığını çətinləşdirə bilər.

Bununla yanaşı, Ukrayna Baş Qərargahı son günlər Krım və Rusiyanın cənubunda yerləşən bir sıra hərbi və sənaye obyektlərinə, o cümlədən neft emalı müəssisələrinə və pilotsuz sistemlərin istifadə olunduğu obyektlərə də zərbələr endirildiyini açıqlayıb. Bu addımların məqsədinin Rusiyanın hərbi logistikasını və təchizat imkanlarını zəiflətmək olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью