Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Avropanın incisi, “dumanlı və qəmgin ölkə”
Hələ qədim zamanlardan “Avropanın incisi” kimi tanınan Krım yarımadası fərqli xalqların, bir çox dəniz və quru yollarının, dövlətlərin və dinlərin təmas nöqtəsi olub. Qədim ellinlər Krımı “dumanlı və qəmgin ölkə” də adlandırıblar. Mədəni müxtəlifliyi, həmçinin nadir coğrafi mövqeyi qədim zamanlardan bu yana Krımı əhəmiyyətli bir məkana çevirib.
Tarixçilərin iddiasına görə, Krım öz adını türk mənşəli “qırım” sözündən götürüb ki, bu da qədim türk dillərində xəndək, arx mənasını verir.
Krım yarımadası qədim yunanlar, Xəzər Xaqanlığı, Avropa Hun İmperatorluğu, Roma imperiyası, Bizans imperiyası, Qızıl Orda, Osmanlı imperiyası və Rusiya kimi müxtəlif sivilizasiyaların hökmranlığı altında olub, əzilib, sərvətləri talanıb, zəngin şəhərləri qarət edilib, əhalisi təhqir olunub. Bütün bunlar Krımın sakinləri olan türklərin qəddini əyməyib, onlar zaman-zaman öz torpaqları uğrunda mübarizə aparıblar.
XI əsrdə Krım qıpçaqlarının paytaxtı o dövrün ən böyük ticarət limanlarından olan Sudaq şəhəri idi. Bu şəhər barəsində ərəb əsilli İslam tarixçisi İbn əl-Əsir yazırdı: “Qıpçaqların bu şəhərinə yan alan gəmilər müxtəlif libaslar gətirib satır, sonra isə o pula kölələr və bu torpaqlarda bol olan burtas xəzləri alıb aparırlar”.
Qıpçaqların Krımdakı hökmranlıqları zamanı həm də ümumtürk mənəvi dəyərləri inkişaf edib. O dövrdə Krımda “Leyli və Məcnun”, “Yusif və Züleyxa” əsərləri məşhur idi, qıpçaqlar Türk dünyasının bu və digər məşhur əsərlərini oxuyur və yayırdılar. 1303-cü ildə Krımda qıpçaq və ya kuman dilinin ən məşhur yazılı abidəsi olan, “tatar dili” adlanan qıpçaq dilində “Codex Cumanicus” yaradılır. Bu, Krım tatar dilindəki ən qədim abidədir, Qara dəniz əraziləri və Krım qıpçaqları ilə birbaşa əlaqəli olduqları üçün qıpçaq və oğuz ləhcələrinin müqayisəsi üçün böyük əhəmiyyət kəsb edir.
“Codex Cumanicus” lüğəti Krımdakı qıpçaq mədəniyyətinin şah əsərlərindən hesab edilir. O da məlumdur ki, türkoloqların əksəriyyəti Krım türklərinin yazılı ədəbi dilinin kuman qıpçaqlarının dili əsasında formalaşdığını vurğulayırlar.
XVII-XVIII əsrlərdə Krım ağır iqtisadi-siyasi vəziyyəti ilə “Avropanın incisi”nin etnik mədəniyyətinə böyük zərbə vursa da Krım türkləri öz mədəniyyətlərini inkişaf etdirə biliblər.
XVIII əsrdə Krımda onlarla kitabxana və kitab evi fəaliyyət göstərib, ədəbiyyat və memarlıq inkişaf yolu tutub, xalq məktəbləri yaranıb.
1747-ci ildə tikilmiş II Səlim Gəray fəvvarəsi Krım xanlığı mühəndisliyinin şah əsərlərindən biri hesab olunur və bu gün də insanları təəccübləndirir. Fəvvarə suyun mənbəyinə qədər 20 metrdən çox uzanan yeraltı daş tuneldə yerləşdirilən kiçik keramik borulardan ibarət olub və Baxçasaraydakı ən yaxşı su mənbələrindən biri sayılıb.
Gəray xan Krım incəsənətini və memarlığını dəstəkləyən xanlardan biri olub. Xan 1764-cü ildə Ömər adlı ustaya Baxçasaray mərmər fəvvarəsi tikməyi sifariş edir. Baxçasaray fəvvarəsi və ya Göz yaşları fəvvarəsi adlandırılan bu abidə Gəray xanın gənc polyak qızı olan xanımına sevgisinin və onun erkən ölümündən sonrakı kədərinin təcəssümü kimi tanınır. Müharibədə cəsarətli və döyüşkən olan Gəray xan polyak qızının dünyadan köçməsini böyük kədər hissi ilə qarşılayıb, qəm-qüssəyə düçar olub. Məhz buna görə də Gəray xan polyak qızının şərəfinnə əbədi olaraq ağlayan fəvvarə tikdirib.
XVII-XVIII əsrlərdə Krım mədəniyyəti tarixində İslam dininin özünəməxsus rolu danılmazdır. Krımda mövcud məscidlər fəaliyyətini genişləndirir, yeni məscidlər və mədrəsələr tikilirdi. Məscid və mədrəsələr Səmərqənd və Buxara kimi İslam mərkəzləri ilə əməkdaşlıq edir, Türküstandan Krıma alim və müəllimlər dəvət edilirdi.
Krım qədim və orta əsrlərdə
Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə olunub, e.ə. VI - V əsrlərdə əraziyə türk mənşəli skiflər və sarmatlar hakim olub. Daha sonra yunan Pantom çarlığının təsirinə düşən Krım yenidən skiflərin əlinə keçir.
Kimmerlər bu yarımadanı e. ə. VII əsrdə ilhaq edib, kimmerlərdən sonra skiflər Krımı alıb. Yerli kimmerlər sonralar dağlara köçürülərək təcrid olunublar.
E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını salıb. Sonralar burada Ellini Bosporus dövləti əmələ gəlib. Dövlət Roma imperiyasının tabeliyində olub, eramızın III əsrində qotlar Krım üzərindəki skif hakimiyyətinə son qoyub. Qısa müddətdən sonra yarımada Asiyadan Avropaya yürüş edən hunların nəzarətinə keçib, VI əsrdə yarımada Bizans tərəfindən işğal olunub.
Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev rusları, bizanslılar, qıpçaqlar və monqollar Krımı bir-birinin ardınca işğal ediblər.
Eramızın XIII əsrində genuyalı və venesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhərləri və qəsəbələr saldırıblar.
Krımdakı Türk (tatar) varlığı əsasən 13-cü əsrdə tatar istilaları ilə əlaqələndirilsə də, ümumiyyətlə, bölgədə türk varlığının tarixi 3-4-cü əsrlərə gedib çıxır. Krımda Xəzər xaqanlığının hakimiyyəti 9-cu əsrin ikinci yarısında başa çatıb. Sonra da bölgəyə türk axını davam edib. 10-cu əsrdə peçeneqlər, 10-11-ci əsrlərdə qıpçaq kumanlarının axınları bölgənin etnik mənzərəsinin formalaşmasına ciddi təsir edib.
Qıpçaq türklərinin 11-ci əsrdə İslam dinini qəbul etməsi sonrakı əsrlərdə Krım ilə Anadolu arasında yüzillərlə davam edən güclü bir bağın qurulması ilə nəticələnib.
Yarımadada Qıpçaq hakimiyyəti 13-cü əsrin ortalarına qədər davam edib. Bu dövrdən başlayaraq bölgədə Çingiz xan nəslinin qurduğu başqa bir türk dövlətinin – Qızıl Ordanın əsası qoyulub.
14-cü əsrdə Qızıl Ordanın rəsmi olaraq İslam dinini qəbul etməsi ilə bölgədə tam 509 il yaşayan tatar hakimiyyəti qurulub.
Krım qədim dövrlərdən günümüzədək
Yunan Krımı, e.ə. 7-6-cı əsrlər
Bospor Krallığı (Roma), e.ə. 428, e.ə. 527-ci illər
Xəzər imperiyası, 651-669...
Bizans Xersonu, 830–1204...
Trebizond imperiyası, 1204–1461...
Teodoro və Genuya Qazariya knyazlıqları, 1300–1475...
Osmanlıların təsiri altında 1478-1774...
Krım Xanlığı 1441–1783-cü illər...
Rusiya imperiyasının ilhaqı, 1783-cü ildə II Yekaterinanın zamanında Rusiya tərəfindən işğal edilib, 1783–1917...
Rusiyada vətəndaş müharibəsi, 1917–1922...
Krımın Rusiyadan Ukraynaya verilməsi, 1954...
Sovet hakimiyyəti, 1922–1991...
Müstəqil Ukrayna, 1991–2014...
Rusiyanın ilhaqı, 2014-cü ildən bu günədək
Krım xanlığı və ya Krım yurdu. XV əsrin birinci yarısında Qızıl Orda dövlətinin xanlıqlara parçalanması nəticəsində Qara dənizin şimalında, Krım yarımadasında yaranan və ən çox yaşayan xanlıqlardan biri...
İrtış və Tobol çayları arasında Sibir xanlığı, Volqanın orta axarlarında Qazan xanlığı, Xəzər dənizinin şimalında Həştərxan (Hacı-Tarxan) xanlığı və digər xanlıq və uluslar yaranmışdı.
Çingiz xanın oğlu Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn Hacı I Gəray 1441-ci ildə Krımdakı Şirin qəbiləsinin dəstəyi ilə Krım xanlığının əsasını qoyur. Əslində xanlıq 1438-ci ildən formalaşmağa başlamışdı. Krımın ilk paytaxtı qədim Kırım-Solxat şəhəri, sonra isə Bağçasaray olub.
Məhz Hacı I Gəray 144I -ci ildə öz adına pul kəsdirdiyindən xanlığın əsası 1441-ci ildən sayılır.
Hacı I Gəray 1466-cı ildə öldükdən sonra oğlanları Məngli Gəray ilə Nurdövlət Gəray arasında hakimiyyət uğrunda mübarizə başlayır, 1475-ci ildə Gədik Əhməd Paşanın rəhbərliyi ilə Osmanlılar Krım ərazisini ələ keçirir və qardaşlar arasında barışıq yaradılır, Məngli Gəray xan elan olunur.
1502-ci ildən sonra Məngli Gəray Qızıl Orda xanlığının torpaqlarına hücum edərək Qazan və Həştərxan xanlıqlarını ələ keçirir. Bu isə Moskva Knyazlığının narazılığına səbəb olur.
1502-ci ildə Krım xanı I Məngli Gəray Qızıl Orda dövlətinə yürüş təşkil edir və Qırx Yer adlanan məkanın yaxınlığındakı Salacığı paytaxt elan edir. Sonra 1532-ci ildə I Sahib Gəray bu əraziyə yaxın olan Bağçasaray şəhərini paytaxt seçir.
1521-ci ildə Məhəmməd I Gərayın rusların ərazilərinə, o cümlədən Moskvaya hücumu uğurla nəticələnib, Moskva işğal olunub və ruslardan bac ödənilməsi tələb edilib və ruslar I Pyotrun dövrünə qədər Krım xanlığına bac ödəyiblər.
Krım xanları öz dövlətlərini Qızıl Orda və Daşti Qıpçağın varisi hesab edərək özlərini “Böyük Orda, Böyük Dövlət və Krım Taxtı”nın xanları da adlandırıblar.
Rəsmi sənədlərdə və xarici hökmdarlarla yazışmalarda istifadə edilən Krım xanlarının tam adı xanlığın mövcud olduğu üç əsr ərzində sənəddən- sənədə bir qədər dəyişərək məktublarını belə başlayıblar: “Mübarək və ali cənabın, Böyük Ordanın böyük padşahının, Böyük Dövlətin, Krım Taxtının, bütün noqayların, dağ çərkəzlərinin, tavqaçların, qıpçaq çöllərinin və bütün tatarların lütfü və köməyi ilə”.
Krım xanlığının əraziləri
Xanlıq Krım yarımadasını və ona bitişik əraziləri əhatə edib ki, bu torpaqlara əsasən Ukraynanın cənubu – Dnepr çayı və Donetsk arasındakı ərazilər, yəni bugünkü Zaporojye vilayətinin əksər hissəsi, Xerson vilayətinin sol sahilindəki ərazilər və cənub-şərqi Dnepropetrovsk vilayətinin və qərbi Donetsk torpaqlarının bir hissəsi daxil idi.
Krım xanlığının nəzarətində olan ərazinin XV əsrdə Qızıl Ordanın süqutundan sonra Don boyunca yaşayan kazakların davamlı basqınları nəticəsində sərhədləri qismən dəyişib.
Türk xalqları Krıma VI əsrdə, Türk Xaqanlığı tərəfindən Krımın fəthi zamanı, qıpçaqlar isə XI əsrdə gəlib, XIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq Çölünə irəliləyən tatar qəbilələri köçəri həyatlarını tərk edərək Krıma yerləşib. Krımda məskunlaşan tatarlar sonralar Qızıl Orda və Krım xanlığının dövlət quruculuğunda iştirak ediblər. XIII əsrin ortalarından əsasən türklərin yaşadığı Krımın şimal çöl torpaqları Qızıl Orda və ya Ulu Ulus kimi tanınan Cuçi Ulusunun ərazisinə çevrilib.
O dövrdə Krımın çoxmillətli əhalisi əsasən yarımadanın dağətəyi ərazilərində yaşayan qıpçaqlardan, Krım yunanlarından, qotlardan və alanlardan ibarət idi. Krım zadəganları əsasən həm qıpçaq, həm də Orda mənşəli idilər.
Krımın XIV əsrdə Litva Böyük Hersoqluğunun qoşunları tərəfindən dəfələrlə dağıdılması tarixi faktdır. Böyük Hersoq Olgerdin 1363-cü ildə Dnepr çayının mənsəbi yaxınlığında tatar ordusunu məğlub edir, Krım işğal olunur və yağmalanır. XV əsrin əvvəllərində Qızıl Ordanın bəzi tayfaları Daşti Qıpçaq – müasir Ukraynanın və Cənubi Rusiyanın qıpçaqlar yaşayan ərazilərində ömür sürənlər köçəri həyat tərzindən imtina edərək Krımı öz yurdları (vətənləri) etmək qərarına gələrək mübarizəyə başlayırlar.
Krım xanlığı Osmanlı imperiyasının tərkibində
Krım xanlığı 1478-ci ildən Osmanlı dövlətinin təsiri və müttəfiqliyi altında olub, 1774-cü ildə Osmanlı-Rusiya müharibəsi nəticəsində imzalanan Kiçik Qaynarca müqaviləsinə qədər faktiki olaraq Krım Türkiyə ərazisi sayılıb.
Mənbələrdən məlum olduğu kimi, Osmanlı sultanları Krım xanlığına asılı dövlət kimi deyil, öz müttəfiqi kimi baxıb. Krım xanlarının xarici işlərdə müstəqil qərar vermək hüququ tanınıb. Xan öz adına pul kəsdirmək və xütbə oxutdurmaq hüququna malik olub. Əslində bu iki amil müstəqilliyin mühüm simvolu idi. Krım xanlığı Osmanlı imperiyasına vergi ödəməyib, bunun əvəzində isə müharibələrdə Osmanlı tatar süvarilərindən istifadə edib. Bununla belə 1524-cü ildə Məngli Gərayın oğlu Mənli Gərayın dövründə münasibətlərdə böhran yaşandığından Gəraylar sülaləsinin Osmanlılarla əlaqələri pozulub və bundan sonra Krım xanlarının Sultan tərəfindən təyin edilməsinə başlanıb.
1551-ci ildə Krın xanı olan I Dövlət Gəray 1571-ci ilin may ayında Moskvanı mühasirəyə alır, çərkəzlər, noqaylar və qıpçaqlardan ibarət olan böyük ordu ilə rusları məğlub edir, Moskvanı yandırır. Bu yürüşdən sonra Dövlət Gəray növbəti il üçün bütün Rusiyanı əhatə edən böyükmiqyaslı işğal planı hazırlasa da 1572-ci ildə Moskvanın 60 km cənubunda ruslara məğlub olur.
1774-cü ildə Krım faktiki müstəqillik qazansa da, daxili müharibələr və rusların yaratdıqları münaqişələr nəticəsində zəifləyərək 1783-cü ildə Rusiya tərəfindən ilhaq edilir. Krım xanlığının Türkiyə dövrü 1478-1774 illəri əhatə edir. Bununla belə Rusiya imperiyasının Krımı ilhaq etməsi rəsmi olaraq 1783-cü ildən tanınır.
1577-ci ildə Dövlət Gərayın ölümündən sonra yenidən Krımda taxt-tac uğrunda mübarizə başlayır.1588-ci ildə taxtı Bora ləqəbli II Qazi Gəray ələ keçirir və 1591-ci ildə Moskvaya hücum edir, uğur qazanır və rusları yenidən bac ödəməyə məcbur edir.
II Qazi Gəray həmçinin Osmanlı-Avstriya döyüşlərində uğurlara imza atır, Macarıstan yürüşlərinə qatılır, 1607-ci ildə vəbadan ölməsi onun planlarını təxirə salır. 1676–1681-ci illərdə ruslarla aparılan müharibə nəticəsində Osmanlılar ruslarla görüşmə səlahiyyətini Krım xanlığına verir və bunun da nəticəsində Krım Xanı Murad Gəray ruslarla 20 illik sülh imzalayır.
II Vyana döyüşündə Murad Gərayın Krım ordusunun başında Osmanlılara uğursuz köməyi onun taxtdan salınmasına gətirib çıxarır, II Hacı Gəray taxta çıxır, onun hakimiyyəti qısa olur. 1684-cü ildə I Səlim Gəray Krım taxtında oturub, o, rusların Krıma hücumlarını, polyakların 1687–1688-ci illər yürüşlərini dəf edib, ümumiyyətlə I Səlim Gəray müxtəlif illərdə dörd dəfə Krım xanı olub, böyük uğur qazanıb, nüfuzlu və uğurlu hökmdar kimi tarixə düşüb.
1735–1739-cu illərdə Osmanlı-Rusiya müharibəsində ruslar Bağçasaraya qədər irəliləyib bölgəni qarət ediblər.
1768–1774-cü illər Osmanlı-Rusiya müharibəsi
6 il çəkən müharibədə Rusiya 1770-ci ildə Bessarabiyanı, 1771-ci ildə Krım yarımadasını işğal edib. Bu hücumlara III Səlim Gəray müqavimət göstərməyə çalışsa da rus orduları çox güclənmişdi. Yazıldığı kimi 1774-cü il iyulun 21-də imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Krım Osmanlının himayəsindən çıxarıldıqdan sonra, adı müstəqil olsa da əslində rusların müstəmləkəsinə çevrilir. Müqaviləyə görə ancaq dini işlər Osmanlı xəlifəsinin səlahiyyətində qalır.
1777-ci ildə rusların dəstəyi ilə Şahin Gəray taxta çıxarılır, Osmanlı tərəfdarı olan II Bahadır Gəray mübarizədə uduzur. Bu dövrdə ruslar Krıma çoxlu slavyan qaçqın yerləşdirmişdilər. 1779-cu ildə Rusiya ilə imzalanan Aynalıqovaq andlaşmasına görə ruslar Krım xanlarının sərbəst seçilməsi, rus əsgərlərinin Krımdan çəkilməsi, Osmanlı Dövlətinin Şahin Gərayı tanıması ilə bağlı maddələri qəbul etsə də, həmişə olduğu kimi müqaviləyə riayət etməyib, II Yekaterinanın əmri ilə 1783-cü ildə Krım tam işğal olunub. Bundan sonra xalq qiyam qaldırıb və Bahadır Gəray taxta çıxarılıb, Şahin Gəray ruslara sığınıb.
Rusiya 1785-ci ildə əlavə qüvvələrlə Krıma yenidən güclü hücum edib, Şahin Gəray rus ordusu ilə birlikdə Krıma qayıtsa da ruslar Şahin Gəraya inanmadıqlarını bəyan etdikdən sonra o, İstanbula sığınıb, sonra isə satqın kimi Rodosa sürgün olunub və orada edam edilib.
Osmanlılar Krımı işğal edən ruslara qarşı yeni döyüşə başlasalar da uduzurlar və 1792-ci ildə Yassı müqaviləsi ilə Krımın Rusiyaya birləşməsini qəbul etməyə məcbur olurlar.
Krım xanlığının hökmdarları
Hacı I Gəray Mələk, Krım xanlığının və Gəraylar sülaləsinin əsasını qoyan birinci xan, iki dəfə xan olub, 1438–1456-cı illərdə Krım taxtında oturub, 1566-cı ilin avqust ayında vəfat edib.
Nur Dövlət Gəray, Hacı I Gərayın ikinci oğlu və varisi, qardaşı Məngli I Gərayla taxt uğrunda mübarizə aparıb, ayrı-ayrı vaxtlarda üç dəfə-1466–1467, 1467–1469, 1475–1476-cı illərdə xan olub. Sonuncu hakimiyyəti dövründə Krım taxtından qovulduqdan sonra Moskva knyazının dəstəyilə Qasım xanı təyin edilib.
Məngli I Gəray, Krım xanı Hacı I Gərayın altıncı oğlu, qardaşı Nur Dövlət Gərayı devirərək taxta çıxıb, fərqli vaxtlarda üç dəfə-1468–1474, 1475–1476, 1479–1514-cü illərdə taxtda oturub. Həm Osmanlı imperiyası, həm də Moskva knyazlığı ilə yaxın əlaqələri olub. Onu da demək lazımdır ki, Məngli I Gərayın qızı, Krım-tatar şahzadəsi Ayşə Hafsa Osmanlı Sultanı Qanuni Süleymanın anası olub.
Heydər Gəray, Hacı I Gərayın oğlu, iki dəfə qısa müddətdə hakimiyyətdə olub, əvvəl atası, sonra isə qardaşı ilə taxt uğrunda mübarizə aparıb, 1456 və 1475-ci illərdə qısa müddətdə taxtda oturub, ölkədən qovulduqdan sonra Moskvaya sığınsa da çox keçmədən oradan da qovulub.
Canıbəy Gəray, Böyük Orda xanı Əhmədin qardaşı oğlu, 1478-1479...
Məhəmməd I Gəray, Məngli I Gərayın səkkiz oğlundan ən böyüyü, atasının ölümündən sonra taxta çıxıb, qardaşı Topal Əhməd Gəraya qarşı taxt uğrunda mübarizə aparıb, Noskva knyazlığından bac alıb, 1523-cü ilin noyabr ayında Həştərxanda iki oğlu ilə birlikdə qətlə yetirilib, hakimiyyət illəri-1514 – 1523…
Qazı I Gəray, Məhəmməd I Gərayın oğlu, əmisi ilə taxt uğrunda mübarizədə 1524-cü ilin may ayında 21 yaşında qətlə yetirilib, 1523-1524…
Səadət I Gəray, Məngli I Gərayın oğlu, uzun illər Osmanlı ordusunda xidmət edib və orada da evlənib, xanlığı könüllü olaraq təhvil verib, 1524-1532…
İslam I Gəray, Məhəmməd I Gərayın oğlu, əmiləri Səadət I Gəray və Sahib I Gərayla taxt uğrunda mübarizə aparıb, may-oktyabr 1532, vəfatı 1537...
Sahib I Gəray, Məngli I Gərayın kiçik oğlu, Məhəmməd I Gərayın kiçik qardaşı, 1532 – 1551… 1521 – 1524-cü illərdə isə Qazan xanı olub.
Dövlət I Gəray Taxt Alan, Gəray sülaləsindən, Məngli I Gərayın nəvəsi, Osmanlı sultanı Qanuni Süleymanın ana tərəfdən yaxın qohumu, 1551 – 1577...
Məhəmməd II Gəray, Dövlət I Gəray Taxt Alanın oğlu və varisi, 1577 – 1584...
İslam II Gəray, Dövlət I Gəray Taxt Alanın oğlu, 1584 – 1588…
Qazı II Gəray, Dövlət I Gəray Taxt Alanın oğlu, iki dəfə hakimiyyətdə olub, 1588 – 1596, 1596-1608…
Fateh I Gəray, Dövlət I Gəray Taxt Alanın oğlu, 1596-1597-cı illərdə bir neçə ay hakimiyyətdə olub.
Toxtamış Gəray, Qazı II Gərayın oğlu, 1607-1608…
Səlamət I Gəray, Dövlət I Gəray Taxt Alanın oğlu,1608 – 1610…
Canibəy Gəray, Dövlət I Gəray Taxt Alanın nəvəsi, iki dəfə hakimiyyətdə olub, 1610-1623, 1627-1635…
III Məhəmməd Gəray, Səadət II Gərayın oğlu,1623 – 1627...
İnayət Gəray, Qazı II Gərayın oğlu, Dövlət I Gəray Taxt Alanın nəvəsi,1635-1636...
Bahadır I Gəray (Batır Gəray), Səlamət I Gərayın oğlu, 1636 – 1641…
IV Mehmed Gəray, Səlamət I Gərayın oğlu, iki dəfə taxtda oturub,1641-1644, 1654-1666...
İslam III Gəray, Səlamət I Gərayın oğlu, 1644-1654…
Adil Gəray, Fateh I Gərayın nəvəsi,1666-1671…
Səlim I Gəray, Bahadır I Gərayın oğlu, dörd dəfə ayrı-ayrı vaxtlarda hakimiyyətdə olub, 1671-1678, 1684-1669, 1692-1699, 1703-1704...
Murad Gəray, Səlamət I Gərayın nəvəsi, 1678-1683…
Hacı II Gəray, Səlamət I Gərayın nəvəsi, 1683-1684...
Səadət III Gəray, Səlamət I Gərayın nəvəsi,1691-1692...
Səfa Gəray, Səlamət I Gərayın nəvəsi, 1691-1692…
II Dövlət Gəray, Səlim I Gərayın oğlu,iki dəfə taxtda oturub, 1699-1702, 1709-1713...
III Qazı Gəray, Səlim I Gərayın böyük oğlu, 1704-1707…
Qaplan I Gəray, Səlim I Gərayın oğlu, fərqli vaxtlarda üç dəfə taxtda oturub, 1707-1709, 1713-1716, 1730-1736...
III Dövlət Gəray, Qara Dövlət Gəray kimi də tanınır, Səlim I Gərayın nəvəsi, 1716-1717...
IV Səadət Gəray, Səlim I Gərayın oğlu, 1717-1724…
Məngli II Gəray, Səlim I Gərayın oğlu, 1724-1730, 1737-1739…
Feteh II Gəray, II Dövlət Gərayın oğlu, 1736-1737...
II Səlamət Gəray, Səlim I Gərayın kiçik oğlu, 1739-1743...
II Səlim Gəray, Kaplan I Gərayın oğlu, 1743-1748…
Arslan Gəray, II Dövlət Gərayın oğlu, 1748-1756, 1767…
Halim Gəray, IV Səadət Gərayın oğlu, 1756-1758...
Qrım Gəray, II Dövlət Gərayın oğlu, 1758-1764, 1768-1769...
III Səlim Gəray, Feteh II Gərayın oğlu, 1764-1767, 1770-1771…
Maqsud Gəray, II Səlamət Gərayın oğlu, 1767-1768, 1771-1772...
Dövlət IV Gəray, Arslan Gərayın oğlu, 1769-1770, 1775-1777...
II Kaplan Gəray, II Səlim Gərayın oğlu, 1770…
Sahib II Gəray, II Dövlət Gərayın nəvəsi, 1772-1774...
Şahin Gəray, II Dövlət Gərayın nəvəsi, 1777-1782, 1782-1783...
II Bahadır Gəray, II Dövlət Gərayın nəvəsi, təqribən 1781, 1783-1785...
Şahbaz Gəray, Arslan Gərayın üçüncü oğlu, 1787-1789-cu illərdə Krım xanlığının taxt-tacına iddialı olub, Krım 1783-cü ildə Rusiya imperiyası tərəfindən ilhaq edildiyindən 1787-1789-cu illərdə ancaq Budjaka nəzarət edib.
Baxt Gəray, Qrım Gərayın böyük oğlu, sonuncu Krım xanı, 1789-1792-ci illərdə Budjakda xanlıq edib.
Krım xanlığını idarə edən 50 xandan 42-si Gəraylar sülaləsinin, səkkizi isə digər nəsillərin nümayəndəsi olub.
Krım əhalisinin deportasiyası
İkinci Dünya müharibəsi zamanı Krım tatarlarının almanlarla guya əməkdaşlıq etməsi nəticəsində bütün Krım tatarları sovet rejimi tərəfindən Sibirə, Qazaxıstana, Qırğızıstana, Özbəkistana deportasiya edilib və yarımadaya başqa xalqlar, əsasən də ruslar, qismən də ukraynalılar köçürülüb. Deportasiya zamanı 8 minə yaxın Krım tatarı vəfat edib, on minlərlə insan isə ağır sürgün şəraiti səbəbindən sonralar həlak olub.
423 min nəfərdən çox olan Krım türkləri yük vaqonlarında gedər-gəlməzə göndərilib. Onların 57 min nəfəri 5 yaşa qədər olan uşaq, 68 mini 60 yaşdan yuxarı insanlar idi.
Bir gecənin içində Krım tatarlarının sürgün olunmasından sonra Arabat bölgəsində bir kənddə 150 türkün unudulduğu aydın olur. Xəbər Stalinə çatdırılanda əmr verir: “Onların işini 24 saat içərisində bitirin”. Əmr yerinə yetirilir, qoca, qadın, uşaq demədən bütün kənd gəmiyə doldurulur, gəmi sahildən bir neçə mil aralandıqdan sonra batırılır, Qara dənizin sərt dalğaları Krım türklərinə məzar olur.
1954-cü il fevralın 19-dək Sovet İttifaqının tərkibində olan Krım vilayəti SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Ukrayna SSR-ə keçib.
2014-cü ildə isə Sevastopol və Krım əraziləri Rusiya tərəfindən növbəti dəfə işğal olunub, Rusiyanın işğalı dünya birliyi və Ukrayna dövləti tərəfdən tanınmayıb və tanınması da gözlənilmir.
Qulu KƏNGƏRLİ
XQ-nin Türküstan müxbiri
Daşkənd