Icma.az, Bizimyol saytına istinadən bildirir.
Analitiklər hesab edir ki, kriptovalyuta bazarının gələcək istiqaməti əsasən geosiyasi proseslər və makroiqtisadi siqnallardan asılı olacaq.
Bu yüksəliş davamlı olacaq, yoxsa bazarda yenidən eniş riski varmı?
Kriptovalyuta üzrə ekspert Qurbanəli Ömər Yusifov Bizimyol.info-ya açıqlamasında bildirib ki, kriptovalyutaların qiymət dəyişiklikləri çox vaxt xəbərlərlə izah olunsa da, əslində bu xəbərlər, sadəcə, bazarın reaksiyasını formalaşdıran amillərdən biridir. Onun sözlərinə görə, bazarda həm eniş, həm də yüksəliş dövrlərində uyğun informasiya axını yaranır və bu, istiqamətə təsir edir.
Ekspert deyib ki, kriptobazarda fyuçers əməliyyatları və investor davranışları əsas rol oynayır. Onun fikrincə, hazırkı artım “buğa mövsümü” kimi qiymətləndirilsə də, bu proses uzunmüddətli deyil və müvəqqəti yüksəliş mərhələsi ola bilər.
Ekspert yaxın dövrdə qiymətlərdə yenidən eniş ehtimalının istisna olunmadığını bildirib.
Qurbanəli Ömər Yusifov əlavə edib ki, bu il ərzində Bitcoin-in 50 min dollara qədər enməsi ehtimalı mövcuddur, lakin bu, uzunmüddətli perspektivdə yüksəlişin dayanacağı anlamına gəlmir. Onun sözlərinə görə, 2–5 illik dövrdə Bitcoin-in 250 min dollara qədər yüksəlməsi də mümkün ssenarilər sırasında göstərilir.
Ekspert vurğulayıb ki, kripto bazarının ümumi istiqaməti yalnız texniki faktorlarla deyil, həm də qlobal iqtisadi mühit və investorların psixoloji davranışları ilə formalaşır.
İradə Cəlil,
Bizimyol.info