“Kristal Palas” Tomas Frankın təyinatını rəsmən açıqladı

17.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin “Kristal Palas” klubu Tomas Frankı baş məşqçi vəzifəsinə rəsmən təyin edib.

İdman.Biz xəbər verir ki, 53 yaşlı danimarkalı mütəxəssislə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Frank bu vəzifədə noyabrın 12-də istefaya göndərilən Pyer Sajı əvəzləyib. Yeni baş məşqçinin köməkçisi Peddi Makkarti, qapıçılar üzrə məşqçi isə Endi Kuy olacaq. Məşqçilər korpusuna daha sonra əlavə mütəxəssislər də cəlb ediləcək.

Təyinatından sonra Frank yeni işinə başlamağı səbirsizliklə gözlədiyini bildirib:

“Bu möhtəşəm futbol klubuna rəhbərlik etmək mənim üçün şərəfdir. “Kristal Palas” İngiltərənin və Premyer Liqanın köklü klublarından biridir. Futbolçulara və klubda çalışan hər kəsə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Onlarla tanış olmağı səbirsizliklə gözləyirəm”.

Klubun prezidenti Stiv Periş də yeni baş məşqçiyə etimad göstərdiklərini vurğulayıb:

“Toması “Kristal Palas”da salamlamaqdan məmnunam. O, qalib komandalar formalaşdırmaq və futbolçuları inkişaf etdirmək bacarığını sübut edib. Buna görə də klubumuz üçün ideal seçimdir. Əminəm ki, onun Premyer Liqadakı zəngin təcrübəsi mövsümün qalan hissəsində hədəflərimizə çatmağımıza kömək edəcək”.

Qeyd edək ki, Tomas Frank daha əvvəl “Brentford” və “Tottenhem” klublarını çalışdırıb. O, “Brentford”u Premyer Liqaya yüksəldib, “Tottenhem”dən isə bu ilin fevralında ayrılıb.

“Kristal Palas” İngiltərə Premyer Liqasında 10 turdan sonra yeddi xalla sonuncu, 20-ci pillədə qərarlaşıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью