Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 21 noyabr, AZƏRTAC
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərinə Rusiya ordusunun hücumu nəticəsində yaralıların sayı 60-a çatıb. Onların arasında altı uşaq, üç paramedik və zərbələrdən sonra insanlara kömək edən Təcili Yardım Xidmətinin əməkdaşları da var. İki nəfər həlak olub.
AZƏRTAC bu barədə Krivoy-Roq meri Aleksandr Vilkulun açıqlamasına istinadla xəbər verir.
Şəhər xəstəxanalarında 28 yaralı var, onlardan altısı uşaqdır. Dördyaşlı oğlanın vəziyyəti ağırdır. Xəstəxanaya yerləşdirilən ən kiçik uşağın cəmi üç yaşı var.
Düşmən hücumundan sonra cəmi 60 nəfər tibbi yardım üçün müraciət edib.
Rusiyanın şəhər mərkəzinə zərbələri nəticəsində dörd yanğın baş verib, onların hamısı söndürülüb.
İlkin məlumatlara görə, təxminən 25 mənzil binası, xəstəxana, təhsil müəssisəsi, fabrik, digər müəssisələr, restoran, qaraj və avtomobillər zədələnib. Təcili yardım maşınları və yerli sakinlərə məxsus bir çox şəxsi nəqliyyat vasitəsinə də ziyan dəyib.
Hücum zamanı səhər saatlarına şəhərdə hava həyəcanı siqnalı davam edib. Axşamdan bəri hadisə yerində kommunal, enerji, istilik, qaz və digər xidmətlər işləyir. Artıq qaz təchizatı sabitləşib və elektrik nəqliyyatı xidməti, o cümlədən hava xətləri zədələnən trolleybuslar fəaliyyətini bərpa edib.
Su təchizatını bərpa etmək və hücumun digər nəticələrini aradan qaldırmaq üçün işlər davam edir.
Gecə yarısından əvvəl hücuma məruz qalan yerin yaxınlığındakı rayon İcraiyyə Komitəsində qurbanlar üçün yardım mərkəzi yaradılıb. Mərkəz gecə boyu açıq qalıb və insanları qəbul etməyə davam edir.
Zədələnmiş binaların sakinləri təcili təmir üçün lazımi materialları, o cümlədən OSB lövhələrini, plyonkaları və digər tikinti materiallarını ala bilərlər. Onlar, həmçinin orada maliyyə yardımı üçün müraciət edirlər.
Vilkulun sözlərinə görə, ehtiyacı olan hər kəsə yardım vəd edilir.
O, həmçinin bildirib ki, Krivoy-Roqda bütün xidmətlər, ictimai nəqliyyat, xəstəxanalar və sosial müəssisələr fəaliyyətini davam etdirir.
Bundan əlavə, Rusiya ordusu Krivoy-Roq rayonundakı Novopolski qəsəbəsinə hücum edərək infrastruktura ziyan vurub. İlkin məlumatlara görə, itki olmayıb.
Nikopol da dronlar tərəfindən vurulub. Orada da insan tələfatı yoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev