KTMT İrəvan oyununun sonu görünmür

29.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını bərpa etmək planı yoxdur”.

Jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belə deyib.

O bildirib ki, İrəvan mövqeyini dəyişməyəcək.

“Biz bu strukturun fəaliyyətində iştirakımızı çoxdan dayandırmışıq və üzvlüyümüzü dondurmuşuq. Biz mövqeyimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağı planlaşdırmırıq”, - deyə Mirzoyan bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevral ayından bəri KTMT-dəki iştirakını dondurub. KTMT-yə daxil olan dövlıətlərin liderlərinin noyabrın 11-də Moskvada keçiriləcək növbəti sammitində Ermənistanın alyansda üzvlüyünün davam etdirilməsi məsələsi müzakirə olunacaq. Son vaxtlar Ermənistanın bu qurumdan çıxarılacağına dair bəyanatlar tez-tez səslənir.

KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja  Ermənistanı təşkilatdan xaric etməyə çağırıb. Ararat Mirzoyanın cavab reaksiyasından isə görünür ki, rəsmi İrəvan bu məsələyə kifayət qədər əhəmiyyət vermir. Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-ni özünün müdafiə öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. İki il doqquz aydır ki, Ermənistan KTMT-nin toplantılarına və təlimlərinə qatılmır. Paşinyan hakimiyyətinin təşkilatın fəaliyyətini boykot etməsi  Ermənistanın KTMT-dən çıxmağa hazırlaşdığına dair müzakirələrə səbəb olub.

Lakin Ermənistan KTMT sıralarınə tərk etmək istiqamətində real addım atmır. KTMT-nin Nizamnaməsinə görə, üzv dövlət təşkilatdan çıxmaq istədikdə, altı ay öncə depozitariyə müraciət etməlidir. İndiyə qədər rəsmi İrəvan bununla bağlı KTMT-nin ali orqanı olan Şuraya hər hansı ərizə təqdim etməyib. Əslində, Ermənistan alyansda qalmaqla demək olar ki, özünü Rusiyanın mümkün hücumlarından qoruyur. Böyük ehtimalla, Ermənistan hakimiyyəti Ukraynada davam edən müharibənin nəticəsini gözləyir.

Ukrayna üzərində qələbə Cənubi Qafqazı Moskvanın növbəti hədəfinə çevirə bilər. Əgər Rusiya Ukraynada öz məqsədinə çatmasa, o zaman Ermənistan KTMT sıralarını tərk etmək qərarını elan edəcək. Digər variant isə Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini konstitusiyaya daxil etməsi ola bilər. Bu halda, Ermənistan nəinki KTMT-dən, hətta Avrasiya İqtisadi ittifaqı və Müstəqil Dövlətlər Birliyindən də çıxmalı olacaq. Qərbin Paşinyandan digər tələbi isə Rusiya ilə hərbi müttəfiqlik müqaviləsinə xitam verməkdən ibarətdir. Çox güman ki, Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu ilə bağlı referendumu ləngitməsinin əsas səbəblərindən biri də Ukraynadakı müharibə bitənə qədər vaxt qazanmaq cəhdidir. 

Əslində, Ermənistanın KTMT-dən çıxmasında Rusiya da maraqlı deyil. Bu, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi təsir zonası olan Ermənistanı sərbəst buraxması demək olar. Digər tərəfdən, KTMT-də başlayan mərkəzdənqaçma prosesi perspektivdə başqa üzv ölkələrin, ilk növbədə Qazaxıstanın təşkilatı tərk etməsinə gətirib çıxara bilər. Ona görə də noyabrın 11-də keçiriləcək sammitdə Ermənistanın təşkilatdan xaric edilməsi barədə təklif çox güman ki, elə Rusiyanın özünün tapşırığı ilə qəbul olunmayacaq.

Zirvə görüşündə Ermənistana qarşı yönələcək əsas ittihamlar üzvlük haqlarının ödənilməməsi ilə bağlıdır. Bu halda, KTMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, Ermənistana qarşı iki sanksiyalaşdırıcı qərar çıxarıla bilər. Birincisi, Ermənistan vətəndaşlarının KTMT  daxilində kvota vəzifələrini irəli sürmək hüququ dayandırılacaq.

Yəni Ermənistan vətəndaşı KTMT-nin Baş katibi vəzifəsinə və ödədiyi üzvlükhaqqının məbləğinə uyğun olaraq təşkilatın birgə qərargahında namizədlər irəli sürə bilməz. Ermənistan 2018-ci ildə KTMT-dəki Baş katibi Yuri Xaçaturov barəsində cinayət işi açdıdan sonra bu posta namizəd təqdim etmir. Digər kvotalar üzrə də Ermənistan fəaliyyətini dondurub. İkincisi, borc tam ödənilənə qədər Ermənistan nümayəndələri təşkilatın orqanlarında səs vermək hüququndan məhrum edilə bilər ki, rəsmi İrəvan buna da ciddi yanaşmır. Ona görə də Ermənistana tətbiq ediləcək sanksiyaların nəticə verəcəyi inandırıcı görünmür.  

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Açar sözlər: KTMT İrəvan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью