Küçələrdə 45 min sahibsiz heyvan var? Ana uşağı məcbur edir ki, xoruz kəssin

28.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.

Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.

O, sonda qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.

45 mindən çox insanın heyvan dişləməsinə məruz qalması sahibsiz heyvanların sayının artması ilə, yoxsa onlara nəzarət mexanizmlərindəki problemlərlə daha çox bağlıdır?

“Cebheinfo.az”-a açıqlamasında heyvan hüquqları müdafiəçisi, "Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədr müavini Mənsurə Rəsulzadə bildirib ki, göstərilən rəqəm bəlkə də 70 dəfə şişirdilib.

“Bu gün açıqlanan rəqəmlər heyvanlara qarşı qarayaxmadır, böhtandır. Mən heyvanlara qarşı edilən zülmlə bağlı minlərlə fakt göstərə bilərəm. Heyvanları döyə-döyə, ayaqlarından asaraq öldürürlər. Pişikləri öldürüb bədənlərini iki yerə bölərək yollara atırlar.

Sosial şəbəkələrdə heyvanlara qarşı zorakılığı əks etdirən çoxsaylı videolar da var. Məsələn, ana uşağını məcbur edir ki, xoruz kəssin. Uşaq qorxur, amma ana yenə də onu məcbur edir. Heyvanlara bıçaqla dəfələrlə xəsarət yetirilən görüntülərə də rast gəlirik. İt məni də dişləyib. 

Bala itin arxasınca qaçmışdım ki, ona yemək verim. Ac idi və insanlardan qorxurdu. Mən uzaqlaşanda yeməyə yaxın gəlirdi, yaxınlaşanda isə qaçırdı. Mən onu tutanda qorxudan hönkürtü çıxardı.  Lakin onu buraxmadım və bu zaman dişini mənə keçirdi. Mən də iti buraxdım, qaçıb getdi. Sonra gedib vaksin vurdurdum”.

O qeyd edib ki, açıqlamada göstərilən rəqəmlər mənə görə sifarişli yazıdır:

“Belə məlumatların yayılması heyvanlara qarşı hücumların artmasına səbəb ola bilər. Sonra “insanlara zərər verirlər” adı ilə gəlib heyvanları öldürəcəklər. Halbuki heyvansevərlər küçə heyvanlarını qısırlaşdırır, onların müalicəsi və digər xərclərini öz ciblərindən qarşılayırlar.

Ötən günlərdə bir video ilə rastlaşdım ki, maşının ön kamerası tərəfindən çəkilmiş görüntüdə yoldan keçən iki qadının yanına bir it yaxınlaşır. Yəqin ki, iti qadınlardan birinə tanış sima kimi gəlib və ona yaxınlaşıb. 

Qadın isə qorxaraq yıxılır, sonra ayağa qalxıb qışqırır, hay-küy salır. Yəqin ki, həmin şəxs əvvəllər heyvanla təmasda olmayıb. Cəmiyyətimizdə aclıq və boşluq var. Ən böyük boşluqlardan biri də mərhəmət boşluğudur. Heyvanlarla davranışla bağlı cəmiyyətdə maarifləndirmə işinə ehtiyac var və bu iş güclü şəkildə aparılmalıdır.

Pul verib alınan, rahatlığa öyrədilən və daha sonra küçəyə atılan heyvanlar da var. Gəlin bir az insanlığımızdan çıxış edərək danışaq. Eşitdiyimiz məlumatlara deyil, hisslərimizə və gördüyümüz faktlara əsaslanaq. 

Cəmiyyətdə aqressiya var və bu, insanların bir-birinə münasibətində də özünü göstərir. Cinayətlərin çoxalması da müəyyən mənada bunun göstəricisidir. Uşaqlıqdan heyvanlara qarşı fiziki zorakılıq edən insanların sonradan cəmiyyətdə bir-birinə qarşı mərhəmətli münasibət göstərməsi də çətinləşir.

Uşaqlıqdan heyvanlara qarşı mərhəmətli olmağı öyrətmək lazımdır. Çünki heyvana qarşı mərhəmətli olan insanın insana qarşı da mərhəmətli olması mümkündür. 

Cəmiyyətdə mərhəmət hissini gücləndirməliyik. Heyvanlara münasibətimiz də bunun bir göstəricisidi”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: sahibsiz heyvan Mənsurə Rəsulzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью