Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Küləkli və soyuq havaların qrip virusunun yayılmasına təsiri ilə bağlı müzakirələr davam edir. Bəziləri belə hava şəraitinin xəstəliklərin artmasına səbəb olduğunu düşünsə də, mütəxəssislər məsələyə fərqli prizmadan yanaşırlar.
Bəs, küləkli hava qrip virusunun yayılmasını daha da sürətləndirə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, küləkli və soyuq hava birbaşa virusların yayılmasını sürətləndirmir. Onun sözlərinə görə, əksinə, mənfi temperatur virusların zəifləməsinə səbəb ola bilər:
“Virusların soyuğa qarşı davamlılığı yoxdur. Mənfi temperatur əslində virusun azalmasına təsir göstərir. Yəni küləkli və soyuq hava virusun yayılması üçün əlverişli şərait yaratmır. Lakin insan orqanizmi bu vəziyyətə fərqli reaksiya verir”.
Həkim qeyd edib ki, əsas problem immun sistemi zəif olan insanlarda yaranır. Soyuq hava orqanizmin müqavimətini aşağı saldıqda müxtəlif xəstəliklərə yol açır:
“İmmuniteti aşağı olan şəxslərdə soyuq hava mənfi təsir göstərir. Soyuqdəymə, qrip, daxili orqanların soyuqlaması kimi hallar baş verə bilər. Xroniki xəstəliyi olan insanlarda isə bu problemlər daha da kəskinləşir”.
Günay Lətifova vətəndaşlara bu cür hava şəraitində özlərini qorumağı tövsiyə edib.
Onun sözlərinə görə, immunitetin gücləndirilməsi üçün təbii qidalardan istifadə edilməli, narahatlıq yarandıqda isə özbaşına müalicədən qaçınılmalıdır:
“Belə havalarda diqqətli olmaq vacibdir. Sağlam qidalanma immun sistemini möhkəmləndirir. Hər hansı narahatlıq olduqda mütləq həkimə müraciət edilməlidir”.
Beləliklə, mütəxəssislərin fikrincə, küləkli və soyuq hava qrip virusunun yayılmasını artırmasa da, insan sağlamlığına dolayı yolla təsir göstərərək xəstəlik riskini yüksəldə bilər.
Oxunub 44