Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda ilk dəfə keçirilən “World Young Chef, Young Waiter & Young Mixologist” (“WorldYYY”) beynəlxalq kulinariya müsabiqəsinin Azərbaycan üzrə regional finalı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, müsabiqəyə 100-dən çox müraciət daxil olub, 12 finalçı müəyyənləşdirilib. Qalib komanda 2027-ci ilin martında Londonda keçiriləcək Dünya Çempionatında Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, 1979-cu ildə yaradılan, 2019-cu ildə “The Nth Degree Global” tərəfindən yenidən təşkil edilən “WorldYYY” 28 yaşadək gənclərin aşpazlıq, ofisiantlıq və miksoloqluq sahələrində bacarıqlarını nümayiş etdirmələri üçün beynəlxalq platformadır.
Müsabiqənin Azərbaycanda keçirilməsinin birgə lisenziya sahibləri Robert Walton (MBE) və “Lady of Gold” podkastının aparıcısı Səbinə Hacıyevadır. Təşkilati heyətdə “YYY” şirkətinin sahibi Robert Walton, şirkətin meneceri Daisy, marketinq və kommunikasiya üzrə direktor Alex Finer və Londonun üç “Miçelin” ulduzlu “The Fat Duck” restoranının direktoru Simon King yer alıb.
Tədbir Yaban restoranlar şəbəkəsi və Paşa Holdinqin tərkibində fəaliyyət göstərən “SAFFRON” restoranlar qrupunun birgə ev sahibliyi ilə təşkil olunub. İlk gün “Atelier 61” restoranında açılış mərasimi və sektor nümayəndələri ilə görüş keçirilib. Əsas yarışma isə oktyabrın 20-də “CASA – Culinary Arts Centre of Azerbaijan”da baş tutub. İştirakçılar peşəkarlıqlarını, yaradıcılıqlarını, komanda ilə işləmək və müştərilərə xidmət bacarıqlarını nümayiş etdiriblər. Proqram “Atelier 61” restoranında keçirilən qala gecəsi və mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Layihənin Azərbaycanda keçirilməsinə “Atelier 61”, “Azer Ish”, “Vumart Gross”, “Food Line”, “Halalfood”, “Vumes”, “Güvən”, “Tamlı”, “Càsà”, “Badamlı”, “Savalan”, “Meysari”, “Sevimli Dad”, “Hacı Turgay”, “Vesta”, “AHG”, “Ponte Rosso”, “Scalis” və “Valio” şirkətləri yerli sponsor kimi dəstək göstəriblər.
“WorldYYY”nin beynəlxalq fəaliyyəti 14 ölkəni əhatə edir. Layihənin əsas məqsədləri gənc mütəxəssislərin inkişafına dəstək olmaq, Azərbaycanın zəngin kulinariya irsini dünya miqyasında tanıtmaq, yerli biznes nümayəndələri ilə əməkdaşlığı genişləndirmək və ölkəmizin qonaqpərvərlik sektorunun beynəlxalq mövqeyini gücləndirməkdir.
Müsabiqə, eyni zamanda, sosial inklüzivliyin təşviqinə önəm verir. “WorldYYY Education Foundation” mentorluq və təcrübə proqramları vasitəsilə sosial baxımdan həssas qruplardan olan gənclərin qonaqpərvərlik sektorunda peşəkar inkişafına dəstək göstərir.
Onu da bildirək ki, tədbirin yekununda təşkilatşılara Tahir Əmiraslanovun “İrəvan xanlığının bölgə mətbəxi” kitabı hədiyyə edilib.