Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağızda dağılan teksturası, qovrulmuş küncütün ətri və qozun ləzzəti ilə birləşən bu peçenye, həm hazırlanmasının asanlığı, həm də uzun müddət təravətini qoruması ilə favoritinə çevriləcək.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
125 qram kərə yağı və ya marqarin (otaq temperaturunda yumşalmış)
Yarım çay stəkanı duru yağ
1 ədəd yumurta (sarısı xəmirə, ağı üzərinə)
1 çay stəkanı şəkər pudrası
1 paket qabartma tozu
1 paket vanil
1 çay stəkanı incə üyüdülmüş qoz
Aldığı qədər un (təxminən 2.5 - 3 stəkan)
Üzəri üçün:
Yumurta ağı
Bol miqdarda küncüt
Hazırlanma qaydası:
Geniş bir qaba yumşalmış kərə yağını, duru yağı, yumurta sarısını və şəkər pudrasını əlavə edib yaxşıca qarışdırın. Üzərinə vanil, qabartma tozu və üyüdülmüş qozu əlavə edin.
Unu az-az əlavə edərək yoğurmağa başlayın. Məqsədimiz ələ yapışmayan, qulaq yumşaqlığında, lakin formasını itirməyən bir xəmir əldə etməkdir. Unu birdən tökməyin ki, xəmir çox bərk olmasın.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb ovucunuzda yumrulayın. İstəyə görə bir az yastılaşdıra da bilərsiniz.
Hazırladığınız topları əvvəlcə yumurta ağına, sonra isə hər tərəfini bolca küncütə batırın.
Peçenyeləri yağlı kağız sərilmiş soba qabına düzün. Əvvəlcədən 180°C dərəcə qızdırılmış sobada üzərləri yüngül qızarana qədər (təxminən 20-25 dəqiqə) bişirin.
Əgər küncütləri istifadə etməzdən əvvəl tavada yüngülcə qovursanız, peçenyeləriniz daha ətirli olar.
Peçenyelər sobadan çıxanda yumşaq ola bilər, soyuduqca həmin xırtıldayan formanı alacaq.
Lalə Qüdrətova
Milli.Az