Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün, noyabrın 15-də Azərbaycanın qadın həndbol klubu "Kür" EHF Avropa Kubokunun üçüncü mərhələsində cavab oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Mingəçevir təmsilçisi yenidən Şimali Makedoniyanın "Çair" komandası ilə qarşılaşacaq. Görüş Mingəçevirdə keçiriləcək və saat 17:00-da başlayacaq.
Eyni məkanda baş tutan ilk qarşılaşma qonaqların 27:24 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Kür" növbəti mərhələyə yüksəlmək üçün üç topluq fərqi aradan qaldırmalıdır.
Azərbaycan təmsilçisi dörd və ya daha çox top fərqi ilə qalib gələcəyi təqdirdə turnirin 1/8 finalına vəsiqə qazanacaq. Ümumi hesabda bərabərlik yaranarsa, növbəti mərhələyə yüksələn komanda yeddi metrlik cərimə atışları seriyasında müəyyənləşəcək.
Xatırladaq ki, "Kür" əvvəlki mərhələdə Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb. Mingəçevir təmsilçisi rəqibini hər iki görüşdə böyük hesabla məğlub edib - 40:18 və 39:13.